суббота, 27 февраля 2010 г.

Her shey aileye doqru












Hafiz Mirzə
http://www.hafizmirza.com/
HƏR ŞEY AİLƏYƏ DOĞRU
( Ailə quruculuğu hər bir millətin yaşam və inkişaf səbəbidir)
I Söhbət
İnsan həyatının təməl prinsipi
Hər millətin özünə məxsus və fərqli yaşam tərzi var. Amma Yer üzündə bütün xalqları birləşdirən bir adət var ki, o az qala dini vacibat dərəcəsində mühümdür, qaçılmazdır, inkaredilməzdir. Sanki insan həyatı bunun üzərində qurulmuşdur. Bu evlənmək, ailə qurmaq, dünyaya övlad gətirməklə bağlı olan adət və ənənələrdir. İnsan xoşbəxtliyi birinci növbədə uğurlu ailə həyatı qurması ilə formalaşır. Buna görə də insanlar uğurlu ailə qurulmasına çox mühüm önəm vermişlər. Ailə qurulması isə adaxlı seçimi və uğurlu toy keçirilməsi ilə başlanır. Hər bir xalqın maddi rifah halına uyğun olaraq bu sahədə adət ənənəsi də zəngin və ya sadə olur. Bizim xalq bu cəhətdən daha çox zəngin sayılır. Bu mənada bizim toy edilməsi, ailə qurulması, ailənin yaşam qaydaları ilə bağlı çoxlu adətlərimiz var. Əlbəttə, hamı bunların hamısını heç əvvəlki vaxtlar da icra edə, həyata keçirdə bilməmişdir. Varlının daha zəngin, kasıbın isə bir qədər fərqli və sadə adət ənənəsi olmuşdur. Amma hamısını eyniləşdirən formalar qalmışdır. Məsələn, varlı ata ərə verdiyi qızına daha zəngin sehiz vermişdir, kasıb isə bir qədər az və uguz, amma vermişdir. Elə xalqlar var ki, onlar qıza cehiz vermirlər. Və yaxud, varlının toyu qırx gün qırx gecə davam etmişdir, ortababkı üç gün, kasıbınki isə bir gün. Əsas odur ki, toy keçirilmişdir. Yeməklər, geyimlər, rəqslər müəyyən qədər fərqli olsa da, onlar da hökmən olmuşdur. Digər cəhətlər də hakaza. Bütün bu zənginlik və ya sadəlik nəyə xidmət etmişdir? Yalnız yeni qurulan ailənin xoşbəxtliyinə, firavan həyatına! Amma bunlar ilk və zahiri tərəflərdir. Xoşbəxt və firavan ailə həyatı təkcə bundan ibarətdirmi? Təbii ki, məsələnin mənəvi-psixoloji tərəfləri də var. Bu isə artıq həmin xalqın, tayfanın, elin mənəvi-psixoloji səviyyəsi ilə bağlı məsələdir. Heç də təkcə ziyalılıq və savad göstəricisi ilə bağlı deyil. O qədər alimlər var ki, xoşbəxt ailə qura bilmir, ömrü tənhalıqda, tez-tez ər və ya arvad dəyişməklə keçir. İmkanlı ailələrin övladı da hakaza. Bəzən kasıb bir ailədən çıxmış qadın və ya kişi daha güclü ailə qurur və xoşbəxt həyat yaşayır. Xristian Qərb yönümlü xalqlar indi maddi cəhətdən çox inkişaf etsə də, firavan ailə qura bilmirlər. Bəs bunun səbəbi nədədir? Məncə bu məsələ insanların şəxsi mənəvi keyfiyyətlərindən çox asılıdır. Maddi cəhətdən çox firavan yaşayanlar heç də mənəvi cəhətdən bir o qədər zəngin olmur və ya əksinə– maddi cəhətdən kasıb yaşayan ailə dini inanclar hesabına mənəvi zənginlik yaşayır. Bəs biz azərbaycanlılar bir xalq və toplum olaraq bu məsələdə hansı dəyərlərə malikik və biz ailə təməlçiliyi baxımından hansı kateqoriyaya daxil edilə bilərik? Eləcə də, özümüz özümüzü nə qədər daha dəqiq görür və daha yaxşı tanıyırıq? Məncə bu mövzunu ümumdünya çərçivəsindən çıxartmaqdansa, yəni digər xalqlarda bunun necə olmasından danışmaqdansa yalnız özümüz barədə danışsaq yaxşıdır. Ən başlıcası odur ki, biz ailəcanlı kateqoriyasına daxilik və müasir dünyada bu çox mühüm üstünlükdür. Hər şey dünyaya yeni insanın gəlməsi ilə başlanır.
1+1= 3 formulu nə deməkdir
Özünün evlənməsi və dünyaya övladının gəlməsi hər bir valideyn üçün ömrünün ən xoş və yadda qalan ən mühüm günü, hadisəsi hesab olunur. Ümumiyyətlə, bizdə valideyn üçün yaxşı sayılan bir çox şeylər var ki, yalnız övladın adına bağlıdır. Biz ailəcanlı millət olduğumuz üçün çox hallarda böyüyüb ərsəyə çatmağımız da, məhəbbətimiz də, ev tikməyimiz, ailə qurmağımız da dünyaya övlad gətirilməsinə görə olur. Qərbi-avropalılarda keyfə-damağa, rəngarəngliyə, yeniliyə, marağa və digər hallara görə olsa da, bizdə dünyaya övlad gətirə bilmədiyi üçün hətta böyük məhəbbətlə ailə quranların da ayrılması– boşanması baş verir. Heç bir qadın qüsur ərində olduğu halda övlada görə ondan boşanmır, ən kritik anda öz bacısı uşağını (baldızı və ya qaynı uşağını deyil), körpəlikdən övladlığa götürür. Yalnız istisna hallarda və ya bacısının dünyaya gələcək daha bir övladı olmadıqda uşaq evlərinə müraciət edirlər. Təəssüf ki, ikinci hal çox nadir hallarda uğur gətirir. Xüsusən valideynləri heç məlum olmayan (bic) uşaqların övladlığa götürülməsi gec-tez öz fəsadını göstərir. Son vaxtlar həyat yoldaşında qüsur olan bəzi qadınlar “müalicə” adı ilə ərini aldadaraq, bəzən isə kişinin maymaqlığından sui-istifadə edərək daha pis qüsura – süni mayalanmaya üstünlük verirlər ki, bu da əslində elə naməlum kişidən döl tutmaq – onunla cinsi əlaqə mahiyyətini verir. Milləti, dini-imanı, əqidəsi bilinməyən, öz mayasını satışa çıxartdığı üçün təbii ki, heç də təmiz, pak əqidəli olmayan naməlum insanlardan döl tutulması həyatda olan konkret kişidən döl tutulmasından daha böyük qəbahətdir. Əksər kişilər övladsızlığın qüsuru qadında olarkən o hətta sevərək evləndiyi qadın olduğu halda belə ya onu boşayır, ya da ata olmaq üçün xəlvətdə bir başqası ilə də evlənirlər. Bunun bir səbəbi kişilərin daha bir qadına meylinə görə baş verirsə, digər və əsas səbəb isə kişilərin övlad –varis arzusu ilə bağlıdır. Bütün bunlar isə həm də onun ifadəsidir ki, ailə ilə bağlı ən böyük və ən son arzuların başında yalnız övlad durur. Allah heç kəsə övladsızlıq – sonsuzluq nəsib etməsin! Nə qədər ki, ata və ya ana olmayıblar, yeni ailə quranlara hamının övlad arzuları aşıb-daşır. Bu sırada “Allah sənə oğul versin!” arzusu daha populyardır. Qız yükü ağır olduğu və ölüncə davam etdiyi üçün kimsə qız arzulamaz. Lakin ata-anaya daha çox qız övladının həyan olması da hamıya yaxşı bəlli olan həqiqətdir. Oğlun valideynə baxmaq borcunda həm də varislik imtiyazı əsas rol oynayır. Ailə qurduqdan sonra qadınla kişinin bir-birinə olan münasibətində əsaslı dəyişiklik baş verir və hər şey yeni mənalar alır. Buna özünü kökləməyi bacarmayanların ailə həyatı ciddi kataklizmlərlə üzləşir. Savadsızlıq, dünya görüşün kasadlığı, xarakterdəki tərslik, nadanlıq, əks qütblərə məxsus olmaları, milli və dini fərqlilik evləndikdən sonra bariz şəkildə üzə çıxır və onu adlamaq, ailənin ümumi maraqlarına uyğunlaşdırmaq mühüm çətinlik törədir. Böyəlib kim və necə bir insan olacağını bilməsələr də, övlad həm də ərlə arvadı bu zaman bir-birinə və ailəyə daha möhkəm tellərlə bağlayan ən gözəl vasitə hesab olunur. Bəzən ziyalı ailənin də gələcəkdə pozğun olacaq övladı dünyaya gələ bilir. Bu isə heç də təsadüfi deyil və bunun genaloji xarakter daşıyan çoxlu səbəbləri var. Bir səbəb də döl ana bətnində olarkən ananın yaşadığı hadisələrin, gördüyü insanların, ünsiyyətdə olduğu fərdlərin, yediyi qidaların, onu təsirləndirən məqamların təsiri ilə bağlıdır. Buna görə bəzən övlad öz valideynlərindən nə zahirən, nə də mənəvi cəhətdən heç birinə oxşamır. Buna görə də qadının hamiləliyi başlandıqdan sonra o qorunmalı, nəzarətə götürülməli, onun qida istəkləri tam təmin olunmalıdır. El arasında buna “yerikləmək” də deyilir. Bu dövrdə qadının daha gözəl, pak, güclü, sağlam insan və mənzərələrə, gül-çiçəyə baxması, meyvə-tərəvəz və ağartı xassəli qidalara üstünlük verməsi məsləhət görülür. Ailəyə yeni övlad öz gəlişi ilə böyük və fundamental dəyişikliklər gətirir. Körpəyə – övlada xatir bir çox problemlər həzm edilir, hər səhvin başına ip salınmır. Əsil ailə formulu məhz dünyaya övlad gəldikdən sonra tamamlanır. Övlad ailənin sevincinə, yaşam mənasına, məşğuliyyətinə, həm də əyləncəsinə çevrilir, bütün boşluqları doldurur, valideynlərin, xüsusən də atanın yaşam və fəaliyyət stimulunu artırır. Buna görə də “kişi+qadın” formulu 3-cü şəxsi doğurur və “= ata, ana, övlad” formulunu yaradır. Qeyri- səlis, amma həyatın davamına köklənmiş formuladır.
Məhəbbət fizioloji, psixoloji və mənəvi tələbatdır
Övladın varlığında formalaşmaqda olan məhəbbət (xoş duyğular yükü) təkcə onun gen yaddaşı ilə gəlmir, bu onun fizioloji inkişafı ilə əlaqədar olaraq bədəninidə gedən proseslərdən doğur və fizioloji tələbat olaraq özünü biruzə verir. Amma yaranan kimi də psixoloji tələbata çevrilir və düşüncə aparatının ixtiyarına verilir. Burada onun düşüncə (mənəvi) səviyyəsinə uyğun olaraq zövqü formalaşmışdır. Bu zövqə müvafiq gələn əks cinslə qarşılaşdıqda onun bio-aurasında müsbət enerji balansı artır. Bu müsbət enerji onun fiziki bədəninə zövq verir. Artıq məhəbbətin yaranışıdır. Fiziki cəhətdən sağlam olmayan yeniyetmədə bu proses çox ləng gedir və ya inkişafdan dayanır. Bəzən yeniyetmənin zehni inkişafı çox yüksəldikdə onun fizioloji tələbatını üstələyir və diqqətini əks cinslərə doğru maraqdan yayındırır. Bunun özü də tam sağlamlıq sayıla bilməz. Valideyn bu məqamı nəzərdən qaçırtmamalı, övladı həddən artıq zehni yüklər altına soxmaqla vunderkind yaratmağa çalışmamalıdır. Hər şey birinci növbədə fiziki inkişafdan başlayır. Yalnız sağlam bədəndə sağlam ruh formalaşır. Valideynlər uşağın və yeniyetmənin bədəncə sağlam böyəlməsini əsas götürməli, eyni zamanda onun mənəvi səviyyəsinə də diqqət yetirməlidirlər. Bəzən valideynlər uşağın güclü qidalanmasına və müəyyən fiziki idman növləri ilə məşğul olmasına şərait yaratmaqla vəzifələrini bitmiş hesab edirlər. Qidalanmanın özü də xüsusi diqqət tələb edir. Uşağın daim şirniyatla əzizlənməsi min bir mənəvi fəsada yol açır. Ət qidalarını rasionda artırmaq da onun mənəvi keyfiyyətlərini ziyan vurur. Bu zaman meyvə, tərəvəz və süd məhsullarının, xüsusən də müxtəlif şirələrin üstünlük təşkil etməsi çox əhəmiyyətlidir. Sağlam oğlan və qızın bədənində enerji istehsalı artdıqda o təkcə atılıb-düşmək, oynamaq və əyləncələrlə tam israf oluna bilmir. Bu enerji valideynlərin vaxtında müdaxiləsi nəticəsində elmə, təhsilə, yaradıcılığa və ya idmana yönəldikdə çox əgəmiyyətlidir. Bu olmadıqda yeniyetmədə 12- 14 yaşdan sonra həmyaşıd olan əks cinsə qarşı müəyyən maraq formalaşır. Bu ifadəedilməz duyğulardır. Daha çox onun vahid tam təşkil etmək ehtiyaclarından və İlahi hikmətdən doğur. Erkən məhəbbət valideynlərin ən çox qorxduğu və bizim cəmiyyətin həqarətlə yanaşdığı haldır. Halbuki yaranışında valideynlərin günahı da az deyil. Heç olmasa artıq yarandığı hiss olunduqdan sonra valideyn (ustad) müdaxilə edib, bu məhəbbətə qovuşmaq üçün yeniyetmədə stimul yaratmalı və bunu onun özü üçün uğurlu gələcək qurulmasına yönəltməlidir. Bu həvəs yeniyetməni elmə, təhsilə, sənətə bağlayır, sonra tədricən əks cinsə qarşı fiziki-mənəvi meylini azaldır. Bu olmadıqda yeniyetmə dərs öyrənə, təhsil uğurları qazana bilmir, zehni inkişafdan ləngiyir. Amma bu, məhəbbətin heç də çox qorxulu və ziyanlı bir hiss olduğu anlamını vermir. Sadəcə, ona ağılla yanaşmanın vacibliyini vurğulayır. Məhəbbətsiz ailə qurulması heç də mənəvi xarakter daşımazdı. Hər bir əməlin arxasında onun mənəvi tərəflərinin durması da çox vasibdir. Uğurlu ailə qurulmasında məhəbbətə istinad edilməsi nə qədər mühümdürsə, uğurlu məhəbbət seçimi də bir o qədər əhəmiyyətlidir. Əks tərəf şəxsin həm də mənəvi parası (yarısı) xarakterini daşıdıqda, zövqü ifadə etdikdə, düşüncələr də bir-birini tamamladıqda uğurlu məhəbbət sayılır. Bu isə gəncin sevib-sevilənədək zehni və mənəvi kamilliyinə dəlalət edir.


Комментариев нет:

Отправка комментария