суббота, 27 февраля 2010 г.

Evimize gelin gelir!









Hafiz Mirzə
http://www.hafizmirza.com/
EVİMİZƏ GƏLİN GƏLİR!
(“Gəlin gəlin olmaz, düşdüyü yer gəlin olmasa”)
III Söhbət
Gəlin evin süpürgəsi deyil
Bir toyun nəticəsində iki ailədə ciddi dəyişiklik baş verir. Birində bir nəfər azalır, yerinin boşluğu görünür, o birində isə bir nəfər artır, bu bircə gəlişlə ailədə vəziyyət və bütün münasibətlər dəyişir. Bizimkilər yeznəcanlı – kürəkəncanlı olduqları üçün yeni qurulan ailəyə gəlinin ata evi tərəfindən müdaxilə edilməsi daha çox narahatçılıqdan və qayğıdan ibarət olur. Qız atasının müdaxiləsi tam yolverilməzdir. Yaxşı qız atası öz qızının ər evindən söz gətirməsinə yol verməz və heç vaxt öz qızına bəraət qazandırmaz. Lakin təəssüf ki, bəzi qız ataları sanki öz qızını daha çox istəyirmiş deyə onun hər bir narahatçılığına öz münasibətini və müdaxiləsini bildirir və nəticədə qızının boşanmasına səbəb olur. Oğlan evi isə... Burada olan narahatçılıq ciddi təsir gücünə malikdir. Buna görə də sərbəstliyi, ayrıca evi, dolanışığı olmayan gəncin əsil kişi kimi formalaşması ciddi çətinliklə qarşılaşır. Çünki onun başının üstündə müdaxilə edənlər, yol göstərənlər, nəyisə başa salmaq istəyənlər, hər kiçik şeyə görə danlayanlar, hətta bunu gəlinin yanında həyata keçirdən ana, ata, bacı mövcuddur. Gənc heç birinə laqeyid qala, fikirlərini inkar edə, öz iradəsini irəli sürə bilmir. Nəticədə valideynlərin yanında fəxrlə “sözəbaxan oğul” olursa da öz arvadının nəzərində kiçilir, əsil kişi kimi formalaşa bilmir. Ona görə də atalar “Bir evdə iki ailə olmaz” demişlər. Oğlu evləndirənə kimi min arzu ilə yaşayan, sevinci sevincə qatan, hər cür çətinliklərə qatlaşan ata-ana toydan sonra özünü toparlaya və oğlun kişi və bir yeni ailə başçısı kimi formalaşmasına yardımçı ola bilmir, əksinə, onların ifrat narahatçılığı buna qənim kəsilir. Adətən qaynata öz gəlininin xətrini daha çox istəyir. Bəlkə də ona görə ki, ortada düşüncədən kənar düşüncə – gəlinin dünyaya onun nəslini davam etdirəcək övladlar gətirəcəyi fikri var. Amma qaynana!.. Bizdə hər qaynana müdrik ana simvoluna çevrilmir. Sanki özü də gəlin olmayıb. Xüsusən özünün evində subay və ya ərdə qızı olan analar gəlinə qarşı daha amansız olurlar. Çünki onun şəxsində öz qızını görə bilmirlər. Bu mümkün də deyil. Əgər öz qızının vəziyyəti daha yaxşı deyilsə, gəlinə xor baxırlar. Ən yaxşı qaynanadan gəlinə əsil ana, ən yaxşı gəlindən də qaynanaya əsil qız ola bilməz. Ən yaxşı halda onlar dost-rəfiqə ola bilərlər ki, buna da şərait olmalıdır. Şəraiti isə qaynana yaratmalıdır. Öz qızı olmayan qaynana ilə gəlinin rəfiqə olması daha rahat baş verir. Buna görə də adətən gəlinlər balduz (ərinin bacısı)olan ailəyə ərə getməyi əsla xoşbəxtlik hesab etmir, daha çox ayrı yaşamağa üstünlük verirlər – başlarının üstündə müdaxilə və hər şeyə əlavə rəng qatan olmasın deyə. Bu isə heç də bütün hallarda uğurlu sayılmır. Çünki gənc ailəyə maddi və mənəvi dayaq durmaq da vacibdir. Gəlinin hamilə və körpəli dövründə bu daha əsasdır. Amma arada səmimi münasibəti qurmaq çox da asan deyil. Yeni ailəyə qədəm qoymuş gəlinin müdriklik göstərməsi heç də səmimi qəbul edilməz, yekəxanalıq və çoxbilmişlik hesab olunar. Adətən qaynana və balduz gəlini daha çox sözə baxan, hər əmrə müntəzir və müti görmək istəyir. Yad qızıdır axı. Onu ən alçaq işlər buyurmaqla sındırmaq və evin süpürgəsinə çevirməyə cəhtlər olur. Əslində buna asanca ram olan gəlinin sonra ailədə heç bir qiyməti olmur. Ağıllı gəlin vəziyyətdən ustalıqla çıxmağı –”baş üstə” deyib, amma işi özü bildiyi kimi icra etməyi, dilinə şirinlik qatmağı, iş-gücdə zirək olmağı, etikanı tam qorumağı, gülümsəməyi bacarmalıdır. Yaxşı gəlin olmaq yaxşı qaynana olmaqdan daha çətindir.
Dədə Qorquddan gələn qaynana-gəlin qarşıdurması
Qaynana, qaynata və balduz onun doğma ata-anası, bacısı olmadığı üçün gəlinin nazı ilə oynamayacaqlar. Gəlinin onlardan ata evində olduğu qədər doğmalıq gözləməsinə dəyməz. Çoxbilmiş gəlinlər bəzən qaynanaya “Ana” və ya “Mama” deyə müraciət etsələr də, bunun belə olmadığını hər iki tərəf hər dəfə hiss edir. Bundansa qaynananın adına “... xanım” sözünü əlavə etmək və bu cür xitab eləmək daha səmimi olardı. Bir haldakı öz qaynanasına ərinin deyil, qaynının anası kimi tarixi-psixoloji baxış mövcuddursa və “qaynana” adı da buradan qaynaqlanırsa, gəlinin onu guya ki, özünə ana hesab etməsi heç də tam məntiqə uyğun deyil. Ən azından ona görə ki, bir adamın bir anası ola bilər. Amma gəlin üçün ər evində ən çox hörmət etməli olduğu birinci şəxs də məhz ərinin – həyat yoldaşının anasıdır. Və bu hörmət hətta əks cavab görəcəyi bütün hallarda da dəyişməməlidir. Bu gəlinə çörəyini yediyi ərindən bu çörəyə görə halallıq almaq qismindədir. Gəlinə olan rəğbətin kökündə əks tərəfin öz oğlu durur. Buna görə də gəlin öz ərinə iltifatlı və səmimi olmalı, qulluğunda dayanmalıdır. Ailədə balduzun və qayının da hər işə müdaxilə etməsi tamam faciədir. Müdrik qaynata bu zaman daha tədbirli olmalı, oğlunun ailə işlərinə sərbəstlik verməli, başqalarının qarışmasının qarşısını almalı, gəlinin yanında oğluna hörmət qoymağı, guya ki, onun fikri ilə hesablaşdığını biruzə verməyi bacarmalıdır. Çünki onun oğlu kişi kimi formalaşmalı, ailəsini hiss etməli, buna görə məsuliyyət daşımalıdır. Bunlar olmasa, ondan nə ləyaqətli kişi, ər, ata, nə də etibarlı həyat yoldaşı çıxmayacaq. Bu şərtə qaynanaların əməl etməsi daha vacibdir. O axı gəlini ilə daha çox ünsiyyətdədir. Əsas olan ortadakı nazik pərdənin qorunması, həya-abırın götürülməməsidir. Bu aradan götürüldükdə sonra düzəltmək çox çətin olur və ya heç olmur. Qaynana oğluna görə sonra bəzi şeyləri uda bilirsə də, gəlin heç nəyi unutmur, yaxşının da, pisin də nə vaxtsa əvəzini qaytarmağa çalışır. Adi ortabab ailələrdə də gəlinə ən azı tam bir il möhlət verilir, ona qarşı kəskin hərəkət qəbahət hesab olunur. Əlbəttə, bu zamana qədər “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipi qüvvədə olmalıdır. Gəlini əsil gəlin və ana kimi formalaşdırmaqdan ötrü bu formada tərbiyə ən münasib forma sayılır. Çünki gəlinlər onlara irad tutulmasını sevmirlər. Bu halda hətta balduzun olması da çox müsbət effet doğurur. Çünki balduza deyilən sözlərdən gəlin öz payını götürə bilir və bu onun xətrinə dəymir. Balduzun guya ki, öz qardaşına görə gəlinin ailə işlərinə müdaxilə etməsi qəti yolverilməzdir və daha çox fəsadı onun özünə qayıdacaq. Çünki gəlinlər qaynanaya nisbətən balduzun sərt davranışını heç unuda bilmir, hətta ona nifrət edirlər. Bəzən gəlin bir övlad doğanacan dözür. Sonsuz olarsa onu boşaya bilərlər axı. Amma bir uşaq sahibi olduqdan sonra bir çox sakit gəlinlərin də dili çıxır. Gəlinin həyası sürtüldükdə ata-ana daha öz oğlunu da itirdiyinə tam əmin ola bilər. Qaynana ailənin bütün rıçaqlarını asanlıqla gəlinə verəsi deyil. Amma o bunu tədricən də olsa verməlidir. Gəlinin qayğısına açıq-aşkar qalmaq da uğur qazandırmır. Elə bu səbəbdən çox hallarda qayğıkeş qaynananın gəlini nankor çıxır. Kürəkənə qarşı açıq diqqət məqbulsa da, gəlinə aid qayğı və istəklər bir qədər gizlində və tədricən olarsa yaxşıdır. Qaynananın bu qayğısını hiss edən gəlin onu daxilən sevməyə başlayacaq. Əgər gəlin ər evindəki qaynana, qaynata və digərlərinə etiraz etmirsə, bu heç də onun razılığının və məhəbbətinin ifadəsi sayılmamalıdır. Gəlində doğurduqları həqiqi münasibətə görə qaynana və qaynatanın qazancı və itirəcəyi daha çoxdur. Özünə qarşı qaynanası əzazil olmuş qadının öz gəlininə qarşı əzazil olması onun çox uğursuz intiqamı sayılır. Ailəsində hakimiyyəti öz əlinə almış qaynana oğlunun ailəsinin hakimiyyətini də ələ almaq istədikdə bu yalnız gəlinin nifrəti ilə üzləşə bilər. Axı “Gəlin ocağa çəkər” deyiblər. “Nə tökərsən, onu da yığarsan!” Oğul valideynləri bunu da düşüncədənkənar fikirləşməlidir ki, tamam yaşlanacaqları vaxt gəlinin qayğısına möhtac qalacaqlar. Həmin qayğını əldə edə bilmək üçün isə gəlinə gəldiyi gündən etibarən ikiqat qayğı göstərilməlidir ki, heç olmasa bir qatı göstərənlərin qismətinə çıxsın deyə. Hər qaynana yaxşı olmadığı kimi hər gəlin də yaxşı çıxmır. Yaxşı gəlin sirli boxça kimidir. Bu boxçanı dartıb açmaq yaramaz. O özü açılmalıdır. Gəlininə yüksək qayğı göstərən qaynananın qızı da evlərdə xoş münasibət görəcək. Eləcə də öz qaynanasının ehtiramını saxlayan gəlinin öz anası da öz gəlinindən yarıyacaq.
Kürəkənin də həmişə qaynana sarıdan müəyyən problemi ola bilir. Bu da qaynana onun ailə işlərinə çox müdaxilə etdikdə baş verir. Qaynata kürəkəni (qızının ərini) gəlinini (oğlunun arvadını) istəyən qədər çox istəyə bilmir. Amma həmişə kürəkənlə aralıqda qalın pərdənin qalmasında maraqlı olur. Bu mühüm amildir. Bəzən gənc kişi öz arvadının atası evinə tez-tez getməsinə yol vermir. Haqlı cəhətdir. Qız öz atası evinə az gedərsə, öz ocağına– ər evinə daha tez və yaxşı sığınar. Əlbəttə, gəlinin ata evinə həsrət qoyulması kimi nadanlıq heç də ağıllı addım sayılmaz. Ər evi nə qədər rahat və gözəl olsa da qızın həmişə bir gözü ata evində olar. Ata evindən pay gətirilən yavan çörək də dadlı-ləzzətli sayılar.
Dövlətdən dəvə, övladdan nəvə
Gəlin dünyaya övlad gətirincə onun şərafəti artır. Vay o gündən ki, bu yubansın. Təəssüf ki, son dövrlər yeni nəsil xüsusi müalicə kursları keçmədən dünyaya övlad gətirə bilmir. Gəlinin hamiləliyinin yubanmasının səbəbini hər bir qaynana birinci növbədə gəlindən bilir və yalnız bir neçə həkimin eyni qərarından sonra kişinin də müalicəsinə qərar verilir. Hamiləliyin ilk ayları gəlin üçün çox çətin keçir. Hər şey onun əsəblərini qıcıqlandırır, ən incə kobudluq da xətrinə dəyir, xüsusən də evdə bişirilən xörəyin qoxusu ona çox pis təsir göstərir və sairə. Bu zaman gəlinin nazı ilə oynayan, ona yalnız onun ürəyi istəyən yeməyi (yeriklədiyini) hazır edən, istədiyini verən qaynana udmuş sayılır. Nəvənin ana bətnində sağlam və gözəl yaranması üçün qaynana və qaynata əlindən gələn qayğını göstərməyə çalışmalıdır. Bu həm də savab işi sayılır. Bunu nəzərdən qaçırıb, onunla prinsip aparan, qayğıdan kənarlaşdıran, əsəblərini tarıma çəkən şəxslərin günahı bağışlanılmaz, gəlin də heç vaxt unutmaz. Dünyaya sağlam oğlan uşağı gətirən gəlinin hörməti artar. Çünki birinci övlad qız olduqda oğlan ümidi 2-ciyə qalır. Əks təqdirdə risk amili artır. Təəssüf ki, əksər gəlinlər bir oğlan və qızdan artıq uşaq doğmaq istəmir. Bu isə nəvələrin əmisiz və xalasız, qızın bacısız, oğlanın qardaşsız böyəlməsi deməkdir. Ailə təməlçiliyində hər kəsin öz yeri və rolu var. Bu pozulduqda nəvələrdə müəyyən qüsurun formalaşmasına səbəb olur. Fəsadını nəsil və cəmiyyət görür. Qız anası hadisələrə nə qədər çox müdaxilə etməyə çalışsa da bütün qayğıları tam ödəyə bilmir. Təəssüf ki, son dövrlər qız mürəxəs olduqdan sonra bir müddət ata evinə köçəsi, ana qayğısına sığınası olur. Ən firavan ailədə belə doğuşdan sonra gəlinin çəkdiyi əziyyətlər, körpəyə qayğının çətiniliyi, yuxusuzluq onu ən azı 4 övlad anası olmaqdan çəkindirir. Öz evində qayğıkeş qaynanası və qaynatası olan gəlin sonra hər cür çətinliyə qatlaşmağa hazırdır. Bunu daha çox qaynana və qaynata – nənə və baba istəməlidir– hər doğulan nəvə onların ömrünü uzatdığı və daha da mənalandırdığı üçün. Evinə oğlu üçün gəlin gətirməyi arzulayan ata və ana bütün bunları düşünməli, buna hazır olmalıdır. Əks təqdirdə nə özünün oğlunu, nə də başqasının qızını bədbəxt edib, bu həyatda qarğış və nalə qazanmağın nə mənası var? Oğlan tərəfi gəlin gələcəyi üçün evə hərtərəfli əl gəzdirir, təmir aparır, rəngi, aboyu dəyişir, şəraiti yaxşılaşdırır. Amma ən çox dəyişilməli olan evdəki pis ab-havadır, yanlış düşüncədir. Necə deyərlər: “Gəlin gəlməzdən əvvəl onun gələcəyi ev gəlin olmalıdır.” Əsil xoşbəxtlik də bir Simurq quşu olaraq həmin evlərin damına qonur.


Комментариев нет:

Отправить комментарий