суббота, 27 февраля 2010 г.

Dunyani ''qavzeliler'' idare edirmis












Hafiz Mirzə
http://www.hafizmirza.com/
DÜNYANI “QAVZƏLİLƏR” İDARƏ EDİRMİŞ

( Öz hisslərinə hakim ola bilməyənlər dünya ağalığı iddiasındadır)

Adam bir bəşəriyyətin intellekt səviyyəsinə nəzər salır və bir də dünyanın vəziyyətinə baxır, sonra dodaqlarını büzüb təpəsini qaşımalı olur. Nöşün ki, insanlığın zehni səviyyəsi, elmin inkişafı, humanist duyğuların tərəqqisi və mədəniyyətin yüksəlişi ilə müasir dünyanı tamam darmadağın olmaq qorxusu altında saxlayan partlayıcıların sayı və inkişafı, törədilən haqsızlıqlar, qəddarlıqlar, zülm və ədalətsizliklər tamam tərs mütənasiblik təşkil edir. Bilmirsən insanlıq inkişaf edib, yoxsa Muğan dayçası kimi geriyə gedib. Amma bu birmənalı olaraq qəbul edilir ki, elm və texnika, etika, estetika, din, incəsənət, ədəbiyyat – hər şey inkişaf edib. İki Dünya Müharibəsindən sonra nəhayət insanlıq başa düşüb ki, məhəllənin futbol oynmaq istəyən oğlanları kimi iki qrupa ayrilib bir-birini qırmaq ağıllı yol deyil. Son vaxtlar isə onu da anlayıb ki, dünyada heç bir dövlət başqalarından təcrid olunmuş vəziyyətdə yaşamır. Hətta bir ölkəni bürümüş aclıq müxtəlif xəstəliklər doğura və ətraf ölkələri də asanlıqla bürüyə bilər. Adicə qrip epidemiyası asanlıqla dünyanın hər yerinə yayılır, ən qüdrətli dövlət də qarşısını kəsə bilmir. Buna görə də indi bəşəriyyət daha açıq Dünya müharibələri aparmır, o indi hər hansı problemi “razborka” yolu ilə həll etmək üçün BMT, zəiflərə, imkansızlara, fəlakətə məruz qalanlara kömək üçün isə Beynəlxalq humanitar yardım təşkilatları yaradıb. Dövlətlər yardım fondlarına küllü miqdarda vəsait toplayır, zəlzələ, vulkan püskürməsi, epidemiyalar zamanı ölkələrə ərzaq, dərman, texnika və xilasetmə işlərində yardım göstərir,.. Am¬ma...Ancaq... Lakin yenə də top-tüfəng səsləri qulaq batıran, torpaqları işğal olunan, vətəndaşlarının qanı su yerinə axan ölkələr var. Dövlətlər var ki insanlığı məhv edən ağ ölüm –narkotika ticarəti ilə məşğul olur. Narkotikanı öz inhisarına almaq uğrunda terrordan, vətəndaş qırğınından, sanksiyalardan istifadə edən dövlətləri hamı tanıyır. Öz ölkəsində xatalı göydələnləri özü partladıb, vətəndaşlarını tələf edən, günahını başqa ölkənin üstünə yıxıb, onunla müharibəyə başlayan dövlət də məlumdur. Elə dövlət də var ki, özü kütləvi qırğın silahları istehsalını genişləndirdiyi halda bir başqa dövləti kimyəvi bombalar istehsalına görə qınayıb ərazisini zəbt edir, bu ölkənin neftini talayır, insanlarını silahlandırıb ölkəni daimi münaqişə ocağına çevirir. Başqa ölkələrdə etnik separatizmi qızışdıran, bir ölkəni sərvətlərini rahatca mənimsəmək üçün onu daim təzyiq al¬tında saxlamağa çalışan, süni qarşıdurmalar, ərazi problemləri yaradan, yüz minlərlə insanın qaçqın və didərginə çevrilməsinə rəvac verən dövlətlər də var ki, adı “it dəftərinin” başında yazılıb. Hümin dəftərə diqqətlə baxsaq görərik ki, özünün bir qo¬tur vətəndaşına görə bütün növ iqtisadi-siyasi-hərbi sanksiyalara əl atan, amma digər ölkədə onun ucbatından hər gün onlarca, yüzlərcə, minlərcə insan həlak olan dövlətlər də az deyil. Öz ərzaqını satdırmaq üçün başqa ölkələrə süni epidemiyalar yayan, geni çıxardılmış qidalar yaradan, orqan inplontasiyası biznesi ilə məşğul olan, hər cür əxlaqsızlıq ixrac edən, qloballaşma adı ilə milli-mənəvi dəyərləri sıradan çıxardan, demokratiya quruculuğu bəhanəsi ilə ölkələri və onların bazarlarını iqtisadi-siyasi cəhətdən ilhaq edən, dini və milli ayrı-ceçkilik yayan, dünyanı ekaloji fəlakətlərə sürükləyən dövlətlər də az deyil. Hamısı da üzdə, dildə və həm də əməldə fəal humanitar yardım göstərən, xeyirxahlıq, sülh, ədalət təbliğ edən böyük dövlətlərdir. Adına “super-dövlət” deyilir, hamısı da Dünyanın qərb hissəsində yerləşir. Gəl başa düş! Təbii ki, bu dövlətlər quru, cansız aparatlardan yox, canlı, şüurlu insanlardan ibarətdir. Amma sözləri ilə əməlləri eyni deyil. Anla bu bəşəriyyəti görüm anlaya bilirsən!? Balıq başından iy verər. Məncə bütün bu təzadlara səbəb bu dövlətlərin başçılarıdır. Çünki başçılar hər şeyin başında dururlar və hər şeyə görə onlar cavab verməlidirlər. Və bu başçıların əksəriyyəti kişilərdir. Elə isə bu müəmmaların bir səbəbini də kişi qüsurlarında axtarmağımız lazımdır. Araşdıraq ki, bu dünyanı hansı kişilər və necə idarə edir. Dünya siyasətini əsasən böyük dövlətlər müəyyənləşdirdiyi üçün onların başçılarına diqqət yetirək. Amma...Ancaq... Lakin yüksək vəzifəlilər elə qalın pərdə arxasında gizlənir və ya gizlədilir ki, onların hətta insan yox robot və ya mələk olduğunu düşünürsən. 50 il əvvəl hünərin vardı bir şey öyrənə biləydin. Kompüter və internet icad edildikdən sonra dünya bir növ tumançaq qalıb. Daha çox gizlədilənlər daha çox sirlərə malik olur deyə, yazarların, repartyorların və xakerkərin diqqətini da¬ha çox cəlb edir. Bu sirlərin, bu gizlinlərin bir qismi biznes və siyasi xarakter daşısa da, böyük əksəriyyəti super-dövlət başçılarının intim dünyası ilə bağlıdır. İntim hər bir insanın ən zərif və ən həssas yeridir. Deməyək ki, yüksək vəzifəli kişilərin işi-gücü elə gözəl qadınları yoldan çıxartmaqdan ibarətdir. Kişilər yaraşıqlı qadınları görəndə çaşdıqları kimi, adətən qadınlar da qüdrətli kişiləri xoşlayır. Qadının kişini yoldan çıxartması kişinin bir qadını ovsunlamasından çox-çox asandır. Bəzən döyüş meydanlarında ən güclü pəhləvanlara və ya ən qüdrətli siyasi rəqiblərə qalib gələ bilən kişilər də çox vaxt adi qadın kələklərinə məğlub olur. Bunun Adəm və Həvvadan gələn öz tarixi var. Qadınların zinət sevdası hər zaman onları asanlıqla çaşdıra bildiyi kimi, kişiləri də yaraşıqlı qadın bir o qədər asanlıqla ovsunlaya bilir. Deməli, elə bizim düşündüyümüz kimidir. Yəni əsil siyasətçinin, əsil hökmdarın gücü və müdrikliyi də məhz qadın qarşısında tab gətirə bilməsi ilə ölçülməlidir. Öz hisslərinə hakim ola bilməyən hökmdar ölkəyə necə tam hakim ola bilər? Arvadbaz şəxslərin səhv etmə imkanları daha çoxdur axı. Qədim zamanlarda hakimiyyətə kəskin mübarizələr nəticəsində deyil, nəsil-sülalə xətti ilə rahatca gələn şahın, çarın, kralın siyasi məharəti yüksək olmur, başı daha çox eyş-işrətə qarışır, onun çoxlu məşuqəsi və arvadı olurdu. Bəzən saray əyanları buna vasitəçilik edir, bu yolla hökmdarın hirsini soyudur və ya başını qal edib ciddi işlərdən yayındırırdılar. Xüsusən şərqli hökmdarlar arvadbazlıqda daha mahir idilər. Hər kimin ki hərəmxanası yox idi qüdrətli sayılmırdı. Buna görə də onlar qiyam və üsyanlar nəticəsində hakimiyyətdən asanlıqla devrilir və ya sui-qəsd qurbanı olurdular. Başı öz hisslərinin tələbinə, bədən ehtiyaclarının ödənilməsinə qarışdığı üçün ölkənin müdafiə qüdrətini unudan və buna görə bir gün ölkəsi istila edilən, özü öldürülən hökmdarlar da az deyildi. Lakin Avropada həyat inkişaf etdikcə bəzi qüdrətli qadınlar kişilərin başına yaxşı torbalar hörə bildilər və təkarvadlıq XIX əsrdən etibarən cəmiyyətin əsas keyfiyyətinə çevrildi. Buna ailə təməlçiliyinə meylin artması da müəyyən təkan verdi. Çoxarvadlı kişilərin güclü ailəsi olmur, onlar problemlər içərisində ömrünü puca çevirir, ailələrdə mükəmməl şəxsiyyətlər yetiş¬mirdi. Çoxarvadlıqdan xilas olduqdan sonra cəmiyyətlər daha irəli getdi, ədəbiyyat, incəsənət, elm cilalandı və nəticədə bəşəriyyət son iki yüz ildə iki min il qədər böyük sürətlə inkişaf elədi. Bunu demokratik prinsiplərin ən böyük nəaliyyəti də hesab etmək olardı. Amma...Ancaq...Lakin dini dəyərlərin daha geniş şərhi və təbliği də təkarvadlığa üstünlük verməyə başladı. Bu heç də kişilərin xislətində zirvələr fəth etmək yanğısını səngitmədi. Ən uca zirvə isə ədabaz və yaraşıqlı qadınlar idi. Mübhəm olan daha maraqlı olur. Yüksək vəzifəli kişilər imkan tapan kimi eşqbazlıqdan qalmadılar. Şəhvət hissinə uduzmaları isə çox hökmdarı sıradan çıxartdı. Ramedilməz rus hökmdarı I Pyotr adi saray paltaryuyanı və əxlaqsız, liflandiyalı Marta Skavronskayaya (I Yekaterinaya) ram olmaqla, Avropanı, Asiya və Afrikanın bir hissəsini diz çökdürmüş Napoleon Bonapart isə iki uşaq anası, kubar cəmiyyətin əsas siması, dul və azad qadın Jozefina Boqarneye vurulmaqla onların hikkə və məkri qarşısında tədricən qüvvədən düşdü və sıradan çıxdı. Buna görə də özünü mahir siyasətçi zənn edənlər qadınlardan uzaq durmağa çalışdılar. Şərqli prezidentlərdə, baş nazirlər və digər yüksək mənsəblilərdə abır-həya daha üstün olduğu üçün onlar bunu daha çox gizləyə bildilər. Hətta bizimkilər eşqbazlıq ifadəsini ayıb bilib, sadəcə “bazlıq” kimi şifrələdilər. Amma aralarında gizləməyən və bununla fəxr edənlər də oldu. 400-ə yaxın arvadının olduğu bildirilən Kral Hüseyn barəsində indi də iordaniyalılar təbəssümlə və fəxrlə danışır. Səddam Hüseynin və Rza şah Pəhləvinin də bir neçə arvadı və çoxlu məşuqəsi var idi. Adi müğənni olan Ququş İran şahının başını xarab eləmişdi. Nəticədə ölkə işlərinin ipi buraxıldı və nəhayət taxt-tac əldən getdi. Hökmdarı eyş-işrətə uymuş bütün ölkələrdə islahatların keçirilməsi və inkişaf prinsipləri unudulur, arxa plana keçir, buna siyasi iradə çatmır. Avropanı inkişaf etdirən və Asiyadan çox irəliyə aparan bir böyük səbəb də qərblilərin ailədə bərabərlik prinsiplərinə üstünlük verməsi və cəmiyyətdə çoxlarının rəğbətini qazana bilən soyuqqanlı siyasətçilər yetişdirə bilməsi oldu. Odlu silahlar icad edildikdən sonra daha dünyada fiziki güc, igidlik və cəngavərlik dəbdə olmadı. Elmi inkişaf etdirmək əvəzinə başı arvadbazlığa qarışan Şərq hökmdarları daha çox məhəbbət tərənnüm edən ədəbiyyata üstünlük verdilər. Bu isə ölkəni zəiflədən, içindən yeyən amillərdən sayılırdı. Qərbi Avropada şərqlilərin zəif cəhətini bilirdilər. Avropa üçün təhlükə yaratmasın deyə gözəl qızları toplayıb xücusi təlim keçir və Şərq hökmdarlarına hədiyyə göndərirdilər. O böyüklükdə Atilla şəhvətə meyl edib arvadlarının sayını artırdı və axırda arvad əlində öldü. Çingiz xanı lap unutmuıdum. Zalım balasının 800 arvadı olmuşdu. Bu qədər arvaddla zəfər yürüşünü davam etdirmək mümkün idimi? Olmadı da! İslam dini dəyərlərinin kişilərə istənilən qədər daimi və ya siğə arvad ala bilmək imtiyazları da düzgün qavranılmır, hakimiyyət əldə edənlər daha çox arvad almağa çalışırdılar. Bu isə onların siyasi keyfiyyətlərini korşalaşdırırdı. Hökmdarın daxili enerjisi eyş-işrətə israf olunduqda onu böyük hədəflərə aparan stimul sıradan çıxırdı. Bu mənada Avropanın böyük iqtisadi-siyasi inkişafında onların şəhvət etibarı ilə soyuqqanlı olmasını da bir mühüm səbəb hesab etmək olardı. Həm də buna görə Qərb çox inkişaf etdi. Lakin qızıl ortanı tapa bilmədiklərinə görə son əsrdə Avropada qomoseksualizm, lizbianlıq, mavilik daha geniş yayılmağa və ölkələrin içinə zad etməyə başladı. Kişiliyin dərk edilmədiyi və ya dəbdən düşdüyü böyük ölkələr dünyanın qeyrətini çəkə bilərdimi? Yalnız güclü kişilik xüsusiyyətlərinə malik şəxsiyyətlər özünü qoruya və ailəsindən gələ biləcək zərbələrdən və qüsurlardan sığortalana bilərdi. O böyüklükdə Böyük Britaniyanın vəliəhdi prins Çarlz öz arvadı Diananı qoruya bilmədi və nəticədə arvad öz aşnası ilə birlikdə “avariya” edib həlak ol¬du. Bir¬cə arvadını qoruya bilməyəsən, amma dünyanı barmağına dolamaq iddiasında olan bir ölkənin kralı olmaq istəyəsən. Elə bil ki, hazır kral idi – nə dəyişmiş olacaqdı ki? Bir krala “roqatıy” deyək, “oğraş” adlandıraq, biqeyrət hesab edək – vecinə gəlməz. Çünki bu artıq onun söykəndiyi milli dəyərlərə çox da zidd deyil. Həmin ölkədə prinçessa ailəsinə, ərinə, övladlarına xəyanət etməsi ilə və faktiki fahişəliyə görə rüsvay olmaq əvəzinə öz məhəbbətinə sadiq qalan vurğun bir qadın kimi haqlı hesab olundu, sevildi, məşhurlaşdı, adı dillər əzbəri oldu, qəzetlərin manşetindən düşmədi. Başçısı arvadını və ya gəlinini qoruya bilməyən, fahişəlik rəğbət doğuran bir ölkə öz əsarətində və ya nüfuz dairəsində olan digər dövlətlərə necə ədalətli hami ola, onların təəssübünü necə çəkə bilər? Biz onun qərəzsiz, məqsədsiz, saf ədalətindən danışa və onun ədalətinə etibar edə bilərikmi?Üstündə çox dayanmayaq, keçək digər Qərb dövlətlərinə. Qərb dövlət başçıları dildə demokratiyadan, insan haqları və gender bərabərliyindən dəm vuraraq dünyanın aparıcı simasına çevrilir, əməldə isə müsəlman Şərqi 2-ci növə ayıraraq onun haqqını mənimsəyirdi. Bir də onda ayıldı ki, öz arvadları da bu gender bərabərliyindən bəhrələnib, şərqli kişilərə üstünlük verməyə başlayıb və qərbli kişiləri bir erkək olaraq 2-ci növə ayırıb. Bu hal böyük qısqanclıq doğurmasa da qadın seçicilər arasında onlara rəğbət qazandırmadığı üçün siyasi əhəmiyyət kəsb edirdi. Hətta qərb cəmiyyətlərində seksual kişi obrazı yüksək reytinqlə sevilib seçilməyə möhtac qaldı. Prinçesa Diana bir ərəb aşnaya üstünlük verirdisə, digər qadınların Şərq turnesinə rəğbəti də səbəbsiz ola bilməzdi. Buna görə də indi – XX əsrdə artıq bir sıra Qərb ölkə başçıları xalqın rəğbətini qazanmaq üçün olmadığı halda belə özünün bir “çapqın” obrazını yaratmağa çalışdı. Liderlərin erotik siyasi şousu sabiq ABŞ prezidenti Con və Robert Kennedi qardaşlarının gözəlçə Merlin Monro ilə bağlı eşq məcaraları yaxşı effekt verdikdən sonra çox populyarlaşdı.Bu barədə indi də yazılsa amerikalılar tamarzı kimi oxuyarlar. ABŞ-in digər keçmiş prezidenti Bill Klintonun təcrübəçi qadın Monika Levinskaya ilə yaşadığı çılğın eşq məcarasının dilə-dişə salınması da daha çox bir sosial sifariş idi. Həmin illərdə Klintonun reytinqi amerikalılar arasında çox aşağı düşmüşdü. Prezidentin bir erkək olaraq çapqınlığı barədə söz-söhbət onun reytinqini çox qısa zaman ərzində yüksəltdi. Amma o daha bir dəfə prezident seçilə bilməyəcəkdi. Politoloqlar eyni şou ilə həm onun təmsil etdiyi partiyanın, həm də onun xanımı Hillari Klintonun obrazının parlamasına yaxşıca çalışdılar. Hillari xanım öz qadın hüquqlarını müdafiə edən, ailəsini qorumaq naminə ərini bağışlaya bilən bir nümunəvi, əzabkeş, cəsarətli qadın kimi formalaşdırıldı və cəmiyyətə qəhrəman kimi sırıdıldı. Cəmiyyət buna yerikləyirdi. O andaca Hillari Klinton böyük reytinq qazandı və növbəti seçkilərdə az qala prezident seçiləcəkdi. İndi bu xanım ABŞ-in Dövlət katibidir. Monikanın isə, necə deyərlər, pulunu verib yola saldılar.Beləcə, gizlinlərə insan marağının yüksək olmasını nəzərə alan müğənni və aktyorlar da öz ailə-məhəbbət məcaralarını ictimaiyyətin diqqətinə çıxartmağa başladılar. Daha çox soyuna bilən və daha erotik görünüşlü müğənni daha çox populyar oldu və deməli, özünün bədən qiymətini artırdı. Onlar milyonları öz sənəti ilə deyil, gecələr imkanlı şəxslərin yatağında qazandılar. Onların ən yaxşı müştəriləri isə siyasətçilər oldu. Qərbli siyasətçilər olmadıqları halda belə bu kimi foto və video görüntüləri yaymaqla özlərinin əsil kişi obrazını yaratmağa çalışdılar. Ayın ilin indiki çağında dünya liderləri gör nə ilə məşğul idi. Dünya qadın-kişi intim münasibətlərinin reklam və nüfuz meydanına çıxarılması ilə alçaldı. İntimlə şou yapıldıqca kişilik mənəvi cəhətdən gerilədi. Bu zaman inkişaf edən isə şou-biznes oldu. Şou-biznes hətta siyasəti də üstələdi. Nəticədə son 30 ildə qazanılmış texniki tərəqqiyə daha artıq dərəcədə mənəvi kölgə salındı. ictimai-siyasi münasibətlər və dini, milli ayrıseçkiliklər kəskinləşdi və söhbətin əvvəlində təsvir etdiyimiz ziddiyətli vəziyyət yarandı. İndi elmi və iqtisadi sahələrdə XV əsrlə müqayisədə çox inkişaf etmişsə də bəşəriyyət əslində mənəvi cəhətdən çox geri düşmüşdür. Nə bunun maddi, nə də texniki nəaliyyətləri mənəvi səciyyə daşımır. Daşımadığına görə də humanizm daha çox dildədir. Bosniyada, İraqda, Əfqanıstanda, Fələstində, Hind-çində və Afrikanın bir sıra yerlərində insanlıq adına heç cür yapışmayan vəhşiliklər heç nahaq yerə törənmir. İnkişaf etmiş Qərbin yaratdığı musiqi, film, ədəbiyyat insanlarda amansızlıq, qəddarlıq, vəhşilik doğurur. İncəsənət qaba duyğular oyatdığına görə yeni yaranan elmi tərəqqi daha böyük miqdarda insan ölümünə, dağıntıya səbəb olan silahlar icad edir. O nə tərəqqidir ki, məhvə aparır? Amma... Ancaq... Lakin nə tərəqqini inkar etmək olur nə də ibtidai icma xüsusiyyətlərini xatırladan əməlləri. Mən virtual aləmdə bunu çox araşdırdım, bunların başında duran ölkə başçıları ilə çox maraqlandım. Kiminsə yataq ağı ilə maraqlanmaq, tumanı-şalvarı ilə sintezlər aparmaq heç yaxşı iş deyil. Amma söhbət ümumbəşəri məziyyətlərdən getdiyi üçün çox da utanc gətirmir. Bu ziddiyətin əsl səbəbini bilmək, anlamaq haqqım var axı. Nəticə inkaredilməzdir: dünyanın bir sıra regionlarında aparılan müharibələrin və münaqişələrin bir mühüm səbəbi dünya ağalığı iddiasında olan super dövlətlərin başında duran şəxslərin öz intim hisslərindən– şalvarından daha yüksəkdə dura bilməməsi imiş. Rusiyanın prezidenti Dimitri Medvedyev yaraşıqlı olimpiya çempionlarının sinəsinə orden-medal taxarkən ağzının suyunu uda və özünü ciddi apara bilmirdi. ABŞ prezidenti Barak Obama özünün yüksək ranqını və hiyləgər fotoqrafları unudub köməkçi xanımın arxasınca çevrilməkdən özünü saxlamırdı. Fransa prezidenti ikinci arvadının ikinci əri olan Nikola Sarkozi prezident seçilən kimi Sisilyanı boşadı və həmişə başqalarının qarşısında soyunmağa vərdiş etmiş pop-model Karlo Bruni ilə evləndi. Eləcə də İtaliya kimi dünyanın digər aparıcı dövlətinin 73 yaşlı baş naziri Silvio Berluskoni məşuqələri bir yana, bəlkə də artıq evləndiyi arvadların sayını da unutmuşdur. Rusiya kimi nəhəng dövlətin prezidenti olmuş, hazırda isə baş naziri olan Vladimir Putinin gimnastika üzrə ikiqat olimpiya çempionu Alina Kabayeva ilə böyük eşq yaşaması da onun dünya siyasətində böyük uğur qazanacağından xəbər vermir. Bunu onun Çeçenistan, Abxaziya, Qarabağ və digər onlarca problemi həll etməkdə acizliyi də sübut edir. Müasir dünyanın böyük hökmdarları bir ölkənin, böyük bir qitənin və dünyanın problemlərini qadın yubkası qədər aşağıladıqda dünyanın işləri də aşağı səviyyədə həll olunacaq. Taleyin qarğışına bax, müdrik hökmdarlar indi kiçik ölkələrə başçılıq edir. Düşüncələrimin bu yerində yadıma oğlan uşaqları düşür. Adi oğlan uşaqları. Siz də bir xatırlayın... Balaca oğlan uşaqlarının işi-gücü, fikri-zikri şalvarının qabağını islatmamaq qorxusunda qalır. Buna görə də tez-tez bir əlləri olur, bir də şalvarının qabağı. Şalvarın qabaq hissəsinə el içində qavz deyilir. Balaca oğlan uşaqları qavzı bağlamağı daha tez unudur deyə bunu görən böyüklər belə uşaqlara məzə ilə “qavzəli” adını qoyurlar. Belə məlum olur ki, super dövlət başçılarının əksəriyyətinin fikri aşağılarda dolanırmış, yəni qavzı açıq vəziyyətdə imiş. Heş demə indi dünyanı yaşlı qavzəlilər idarə edirmiş. Mən isə başımı sındırıram ki, nə üçün bu dünyanın işləri nataraz gedir. Gedər də!
Məni düzgün mülahizə yürütməməkdə qınamaq istəyənlər əvvəlcə yuxaridakı fotolara nəzər salsınlar, sonra ehtiyac olsa, gedib “Sprayt” içərlər.

































Комментариев нет:

Отправка комментария