суббота, 27 февраля 2010 г.

Durub goy uzune dash atan oqlan


Hafiz Mirzə
www.hafizmirza.com
“DURUB GÖY ÜZÜNƏ DAŞ ATAN OĞLAN,..”
(Qoca professorun “fars məzhəbi” deyimi öz başımıza çaxacağımız daşa bənzəyər)

Həyatımız yeniliklər və qəribəliklərlə doludur. Nahaq yerə demirlər ki, qulaq gündə bir təzə söz eşitməsə kar olar. Amma çox vaxt bizim eşitdiyimiz təzə sözlər heç də keyfiyyətli bir şey olmur və bu yenilikdən çox qəribəliyə bənzəyir. Yenilik isə daha çox gəncliyin adına yapışır. Gəncliyin özünü tanımaq, təsdiq etmək, dünyanı öyrənməklə bağlı cəhtləri çox gözəldir və təbiidir. Bu cəhtlər bəzən yenilik adına qələtlər buraxılması ilə nəticələndikdə bunu da ona bağışlamaq olur. Yaşlı adamların səhvləri isə adamda dərin təəssüf və ikrah hissi doğurur. Çünki onun daha nə vaxtsa düzələcəyinə ümid edə bilmirsən. Bu səhvlər ictimai şüura buraxıldıqda isə ona cavab vermək borcu yaranır. Çünki ictimai şüurun və yeni nəslin əsil həqiqət üzərində formalaşmasında publisistikanın rolu daha böyükdür. Nə oluruqsa, əslindən olmağımız lazım. Müsəlmançılığımız dı elə. İslamdan danışanda gərək hökmən onun 2 hissədən- Üsuliddindən və Firuiddindən ibarət olduğunu bildirəsən. Üsuliddinin İmamət hökmü olduğu kimi Firuiddinin də Cihadı var.Çoxlarının qorxduğu Cihad tələbi əslində əsil müsəlmanın bütün pisliklərə və İslamın Üsuliddindən irəli gələn təməl prinsiplərinin ziddinə olan əməllərə qarşı mübarizə aparmaq borcudur. Cihad təkcə qılınc götürüb İslam düşmənlərinin başını yarmaqla icra olunmur ki. Küfr əməllərə və fikirlərə qarşı qələmlə – sözlə də mübarizə aparmaq olar və həqiqəti yazmaq da bir növ cihaddır. Biz yazarlar əsil həqiqətə xidmət etmək istədikdə bu hal İblisə ram olmuş kəsləri və bir də nadanları narahat edir. İblisə tabe olanlar ya, ümumiyyətlə, mömin müsəlman deyil, dünya malı və mənsəb naminə həm də masonun, nurçuların və vəhabilərin təsiri altındadır, ya da əsil həqiqətləri dərk etmədiyi üçün, özünün naşı ictimai fəaliyyəti ilə özü də bilmədən mənfi qüvvələrin dəyirmanına su tökür. Təəssüf ki, 2-cilər bizim gənclərimiz və yaşlılarımız arasında daha çoxdur. Savanlar qərpərəstliyə, qocalar isə bolşevizm mərəzinə görə. Orta yaşlılar bir qədər şükürlüdür. Oturub həqiqət bildiyini yazdıqda qarşımızda yalnız və yalnız AZƏRBAYCANın həqiqi mənfəətləri durur. Azərbaycan bizim birbaşa Vətənimizdir, yəni evimizin içidir. Əvvəl evin içi, sonra çölü. Mən öz evimin qeyrətini çəkə bilmərəmsə, digər müsəlman torpaqlarının qeyrətini necə çəkə bilərəm ki? Cihad mənim öz içimdən, öz elimdən-obamdan, ölkəmdən başlanır. Digər İslam ölkələrinin və digər ehkamların müdafiəsi sonrakı məsələdir. Buna baxmayarq, həqiqəti yazdıqda səni ya Türkiyəyə yapacaqlar, ya da İrana. Mən özümüz türk dünyasında əsil böyük qardaş olduğumuz halda Türkiyənin böyük qardaş seçilməsi və hazırkı türk iqtidarının anti-Azərbaycan fəaliyyətini nəzərdə tutaraq tənqidi məqalələr yazarkən türkiyəpərəst psevdo-demokratların xoşuna gəlmirdi. Nəhayət Ermənistanla sərhəd açılması siyasəti üzə çıxdıqdan sonra hamısı qara eynək taxmağa başlayıb – pərt olduqları bilinməsin deyə. Eləcə də mən İranın qatı və ifrat farspərəst siyasətini tənqid edərkən, onun tulaları sayılan bir sürü adamcığazlar, “İmdad” komitəsinin yerlərdəki nümayəndələri müxtəlif bəhanələrlə əleyhimə imzalar toplayırdılar. İranın anti-Azərbaycan mövqeyi ilə tanınan “Səhər-2” tele-kanalı və onun bədnam “Kompas” verlişi məni düşmən kimi müzakirəyə çıxardanda buna sevinən çox əbləhlər vardı. İndi isə məni guya ki, İrana xidmət etməkdə ittiham edən yeni əbləhlər peyda olub. Qulağımızın yeni eşitdiyi söz də elə budur. Nədir-nədir mən şiyəliyi müdafiə edirəm və bir ateistin onu təhrif edərək “fars məzhəbi” adlandırılmasını və İranla münasibətlərin açıq ədavət üzərində qurulmasını münasib sanmıram. Məsələyə bir qədər uzaqdan və yumşaqca gəlməyim hazırkı aponentimin yaşlı bir professor olması ilə bağlıdır. Yaşını nəzərə alıb bu dəfə adını çəkmək istəmirəm – düşmən sevinməsin deyə. Əslində ikimiz də eyni amala xidmət edirik. Fərq orasındadır ki, professor köhnə stereotiplərdən, şablon ifadələrdən və bolşevik yanaşma tərzindən ayrıla bilmir, mən isə yeni və daha effektiv mübarizə variantları təklif edirəm. Elələrinin Vətəni sevmədiklərini, satqın və xəyanətkar olduqlarını iddia etmək doğru olmazdı. Sadəcə, hər kəs öz işi ilə məşğul olduqda belə naşılıqlar yaranmır. Təbii ki, ölkənin ictimai-siyası və digər bütün sahələri ilə hər hansı publisist hər gün və hansı bir siyasətçidən daha çox məşğul olur, hətta siyasətçilərin yardımçısına çevrilir. Bu işlə peşəkar fizikaçı, astronom, memar və ya ədəbiyyatşünas məşğul olduqda isə müəyyən ziddiyətlər və fəsadlar törənə bilir. Hamıdan bütün sahələr üzrə də yüksək məharət gözləmək olmaz axı. İnsan səhvdən və günahdan sığortalanmayıb. Mən 73 yaşını nəzərə alıb mənə ünvanlanmış “Fars məzhəbi” xurafat və cəhalət deməkdir” adlı yazısına cavab verməyə və onun barəmdə yazdığı bəzi fikirləri bəlkə də bağışlaya bilərdim; qoca kişidir də deyinib özü üçün. Ancaq onun məni hara-hara – İrana bağlamasını bir put balnan da yemək olmaz. Öz peşəkar işləri ilə məşğul olmayan, yerli əhəmiyyətli məsələlərdə böyük ictimai nüfuz qazana bilmədiyi halda beynəlaxalq siyasətə baş vurmuş və təbii ki orada bir səfir olaraq uğursuzluqlar yaşamış ədəbiyyatşünas professoru 2-ci qisim şəxslər sırasında görmək şəxsən məndə heç bir xoş asosiasiya doğurmur. Amma nə edim ki, professor son aylar acı bağırsaq kimi uzatdığı anti-İran məqalələri ilə bunu sübut edir, mən isə yuxarıda qeyd etdiyim Firuiddin bölmələrinə əsasən ona cavab vermək zorunda qalıram. Cavab verməsəm günahı var. Çünki kimsə onun haqlı olduğunu düşünə bilər. O isə İslamın şiyə məzhəbinə– Azərbaycan müsəlmanlarının 90%-nin dini inanclarının əleyhinə, İranda olan 30 milyondan çox soydaşımızın, İraqda, Suriyada, Səudiyyə Ərəbistanında, Misirdə, İordaniyada, Türkiyədə, Əfqanıstanda, Pakistanda, Hindistanda və digər ölkələrdə yaşayan yüzlərlə milyon şiyənin əleyhinə kəskin mövqe sərgiləyir və düşünür ki, ona baş qoşan olmamalıdır. Axı bizim milli-mənəvi dəyərlərimizin böyük qismi dini əsaslara söykənir, orada da mütləq söz şiyəliyə istinad edir. İndi şiyəliyin əleyhinə danışmaq, onu farsa bağlamaq bütövlükdə Azərbaycanı farsa bağlamağın bir növü deyilmi? Mən isə onun arqumentlərinə qarşı olan “Şiyəlik fars məzhəbi deyil, cənab professor” yazımda şiyəliyi farslara deyil, farsların özünü şiyəliyə bağlamışam. Çünki indi İran adlanan dövlətdə şiyəliyi hakim mərtəbəyə farslar yox, Azərbaycan türkləri – Səfəvilər gətirmişlər. Orta əsrlərdə hələ farsların böyük qismi atəşpərəst olaraq qalırdı. Lakin Asiyanın bu hissəsində türklər tarixi yaratdıqları halda onu yazanlar ərəblər və farslar idi. Şərqdə həmişə 3 dil hakimlik etmişdir: türk, ərəb,fars. Türklər hərbdə, ərəblər elmdə, farslar isə ədəbiyyatda daha mahir idilər. Buna görə də müxtəlif əsrlərdə cərəyan edən proseslərə müvafiq olaraq gah türk, gah ərəb, gah da fars dili önə çıxırdı. Fars dili daha çox əmin-amanlıq dövründə mövqe qazanırdı. Onun hegamonluq əldə etməsində ədəbiyyatın o dövr üçün çox mühüm təsir gücü ilə yanaşı bizim soydaşlarımız sayılan yelbeyin hökmdarların rolu da az deyildi. Fars dili I Şah Abbasın dövründə yenidən saray dilinə çevrildi. Çünki Şah Abbasın anası fars qızı idi. Eləcə də Həzrət İmam Hüseyn ibn Əli əleyhüssəlamın arvadı və 3-cü İmam Zeynalabidinin anası Şəhrəbanu (Reyhanə) fars hökmdarı I Yəzdəgirdin qızı olmuşdur. Bu isə farsları şiyəliyə cəlb edən əsas amillərdən sayılmışdır. Lakin bu heç də şiyəliyin fars məzhəbi olmasını düşünməyə əsas vermir. Çünki şiəlik (İslamda peygəmbər vəsiyyətinin tərədarları) hələ İmam Hüseynini Kərbəla faciəsindən xeyli əvvəl, peyğəmbər Rəsuli-Əkrəm vəfat etdikdən dərhal sonra yaranmış, İmam Cəfər Sadiqin (ə) sayəsində elmi-fundamental əsasları foromalaşdırılmışdır. Nə sünü təriqətləri, nə də vəhabilik o vaxt hələ heç yox idi. Peyğəmbər salavatullahın yaxın adamlarının sırasında yalnız bircə Salmani Farsinin adı çəkilir. Böyük əksəriyyət ərəblər idi. İndi İraq əhalisinin 60%-i şiyələrdir. Bu o deməkdir ki, İraqda da, Hindistan, Pakistan, Türkiyədə də fars məzhəbinə etiqad göstərilir? Bu çox gülünc iddiadır axı. Vaxtı ilə türk mənsubları onu bu ərazidə yaşayan xalqların mentalitetinə daha güclü təsir edə bilməsini nəzərə alaraq şiyəliyə istinad etmiş, önə vermiş və İran ərazisində möhtəşəm Səfəvilər xanədanı yarada bilmişdilər. Təəssüflər olsun ki, indi də bundan fars ideoloqları məharətlə istifadə edib dövlətin və cəmiyyətin əsas ideoloji dayaqlarını yarada bilirlər. Buyursunlar, bizim 70 milyonluq İran əhalisinin tən yarısını təşkil edən soydaşlarımız da fərasət nümunəsi göstərib şiəliyi özlərinin milli-birlik ideyasına çevirsinlər. Axı bunu bir dəfə, hələ erkən çağlarda Ərdəbil türkləri bacarmışdılar. İndi bu nə üçün mümkün olmasın? Dini dəyərlərin çox güclü olduğu yerlərdə milli dəyərlərin qabardılması çox çətindir. Sağlam siyasətdə utopiya ilə yox, reallıqlarla hesablaşır, onun üstünlüklərindən istifadə edirlər. Bu halda dini dəyərlərin özündən istifadə etməklə xalqı ayağa qaldırmaq olmazmı? İranda hakim rejim Azərbaycan türklərinin milli kimliyinə qarşı ögey münasibət bəsləyir, bəli! Bunu professordan daha çox elə mən yazmışam. Bəs buna qarşı İrandakı Azərbaycan türkləri nə edir? Hazırda onlar İmam Hüseyn fəlsəfəsinə ( zalıma qarşı cihad etmək) istinad edərək demokratik mübarizə aparırlar. Doğru yoldadırlar və qələbə onlarladır. Bakıda rahatca oturub qəhvə içərək məqalə yazan bəzi diletantlar isə onlara kor-koranə mübarizə metodları təklif edirlər. Alınmaz, atam balası! Onları dindən döndərmək çox çətin, müşkül və lazımsız ideyadır. Şiəliyin əleyhinə çıxışlar yapdığına görə professorun İranda səfir işləməsi uzun sürməmişdir. Adam bir sıra diplomatik etiketləri saya salmadan İranda az qala inqilabi fəaliyyət göstərməyə çalışmışdır. Xocalı müsibəti ilə əlaqədar məsçidə gedəsən və orada çıxış edib “... Min ildən artıqdır ki, xalqımız özgələrə ağlayır,.. Yadların qəbrini sayğılarla ziyarət edirsiniz,..” kimi hədyan və imansız fikirlər söyləyəsən, sənə kim etimad göstərər? Qərb dövlətləri Şah dövründə buna çox çalışdılar. Nəyə nail oldular? Onların anti-İslam siyasəti İslam inqilabı ilə nəticələndi. Kərbala şəhidlərini Yer üzündə heç nə ilə eyniləşdirmək və ya aşağılamaq olmaz. Onları özgə hesab etmək üçün gərək müsəlman olmayasan. Çünki onlar İlahi əqidə, din və Allah yolunda şəhid olublar.Allahdan daha yuxarı nə var ki? Bizim Qarabağ uğrunda həlak olanlarımız da onların yolunun davamçıları sayılaraq şəhid hesab edilir. “Şəhidlik” anlayışının özü birbaşa şiyə xarakterlidir – bunu etiraf etmək lazım. İslamın ilk şəhidi olan Həmzeyi Şühəda Peyğəmbər salavatullahın və Həzrət Əlinin(ə) əmisi olmuşdur. Şiələr də əsasən əhli-beytin (peyğəmbər ailəsinin) qatı tərəfdarlarıdır.İranda türk milli-azadlıq mücadiləsinin liderlərinin heç biri allahsız və imansız olmamışdır. Amma bizdə bolşeviklər– kommunistlər hamılıqla ateist idilər. Ona görə də onların yaratdığı Azərbaycan SSR gec-tez öz başlarına uçuldu. İranda ötən son əsrdə baş vermiş inqilabi hərəkatların hamısının başında türklər durmuşdur. Səttərxan da, Seyid Cəfər Pişəvəri də, Şeyx Məhəmməd Xiyabani də qatı mömin şiyə-müsəlman olmuşlar. Bəlkə indi İranı lərzəyə gətirən Mahmudəli Çöhrəqanlı və ya Mirhüseyn Musəvi ateist və sünnüdür? 1979-cu ildə baş tutmuş İran İslam inqilabı indi Ayətullah Xomeyninin adına yazılsa da, onun ən böyük ideoloqu və inqilabı İranda gerçəkləşdirən şəxs türk ayətullah Şəriətmədari idi. Şiyə məzhəbli müsəlman olmayaydılar, başıma dönərdilər əgər ki, xalqdan dəstək ala bilsəydilər. Bizimkilər yalnız ifrat səmimiyyət, inam və öz içindən xəyanət ucbatından farslara uduzmuşlar. Mən düşünürəm ki, indiki dövrdə onları anti-İslami dəyərlər vasitəsilə ayağa qaldırmaq cəhtləri qabaqcadan məğlubiyyətə məhkumdur. Buna görə də İrandakı soydaşlarımız farslar üzərində qələbəni birinci olaraq dini sahədə qazanmalıdırlar. İranın reallıqları ilə hesablaşmaq və ona qarşı farsların özünün istifadə etdiyi silahla mübarizə aparmaq lazımdır. Necə deyərlər, pazı pazla çıxardarlar! Bu mənim düşüncələrimdir. Burada fars təsiri axtarmaq divanəlik olardı. Kommunist partiyasının köynəyindən çıxanlar nə qədər vaxt keçsə də bolşevizm mərəzindən xilas ola bilmirlər. Mən bu nimdaş professor kimi düşünmürəmsə, deməli düşmən mövqeyindəyəm! Bərəkəllah! İranın “Səhər-2” telekanalı yəqin ki, çox böyük məmnuniyyətlə bu qoca professorun yazılarını götürüb oradakı soydaşlarımız üçün təhlil edəcək, bizi imansız kimi tanıtmağa və onları bizdən soyutmağa və ayırmağa çalışacaqdır. Bu halda professor özü də istəmədən əslində kimin dəyirmanına su tökmüş sayılır? Əlbəttə ki, İranın hakim dairələrinin və xüsusi xidmət orqanlarının dəyirmanına. Rəqibə bu böyüklükdə arqument verməkmi olar? O, İranın hakim rejiminin əleyhinə hər yazsa yeri var. Yazsın da, daha şiyəliklə nə işi var! Bu adam açıq-aşkar anti-şiyə təbliğatı aparır, sonra da deyir ki, mən şiyəliyin yox fars rejiminin əleyhinə yazmışam. Şiyəliyi təhrif olaraq “fars məzhəbi” adlandırasan, sonra da bu “fars məzhəbi”nə küfr olaraq cəhalət və xurafat damğası vurmağa çalışasan, sonra da deyəsən ki, mən şiyəliyin əleyhinə deyiləm. Biz bunun adını “şiyəliyə qarşı düşmən münasibət” deyil, bəs nə qoyaq? İnanmayanlar buyursunlar, “Olaylar”ın saytında dekabrın ortaları, yanvarın 14, 26, 27, fevralın isə 12, 17, 19 tarixli arxivinə daxil olub bu professorun yazılarına diqqətlə nəzər salsınlar. Bu şərqşünas alim şiəliyi Azərbaycandan kənarda da “fars məzhəbi” adlandırsa zalda ona neçə saat gülər və ya onu neçə saat fitə basarlar? Əvvala bunu uşaq da bilir ki, dinin, məzhəbin, təriqətin, cərəyanın milləti, ölkəsi olmur. Bu nə cılız yanaşmadır!?. Təbii ki, hazırda Azərbaycanın aparıcı siyasi dairələrində İranın hakim rejiminə rəğbət yoxdur. İrandakı bütün şiyələr isə cəfəri təriqətinə mənsubdur. Şiyəliyi fars məzhəbi adlandırmaqla bizim ölkəmizdəki şiyə-cəfərilərin də inanclarına zərbə vurulmurmu? Bu hal gənclərə mənfi təsir göstərə bilərsə də, orta və yaşlı nəsli çaşdıra bilməz, əksinə qıcıqlandırar. Onlar üzdə biruzə verməsələr də daxilən barışmayacaq və İran rejiminə qarşı mübarizədən səngiyəcəklər. Hələ üstəlik bu hal ölkəmizdə İrana meyilli qüvvələrin artmasına rəvac verəcəkdir. Mən az qala fikirləşəcəkdim ki, şiyəliyə qarşı başlamış bu kompaniya elə İran rejiminin özünün məqsədyönlü siyasətidir. Təsir əks təsirə bərabərdir axı. Yəni iranpərəst qüvvələr Azərbaycanda qəsdən şiyəliyə qarşı mübarizə aparmaqla xalqı qıcıqlandırmaq, iqtidara qarşı qaldırmaq və İrana qarşı meyilləndirmək istəyirlər. Bakının bir sıra kəndlərində artıq sürətlə bu tendensiya getməkdədir. Bunu görməmək eləmi çətindir? Ötən il professorun “Təbriz şiyəliyin yox, türk ruhunun mərkəzidir!” adlı yazısına mənim “Şiyəlik fars məzhəbi deyil, cənab professor” adlı yazım qəzetdə dərc olunduqda özüm hələ qəzeti görməzdən əvvəl ölkənin bir sıra yerlərindən çoxsaylı telefon zəngləri almağa başlamışdım. Tanımadığım bu insanlar mobil telefon nömrəmi redaksiyadan, ya da yəqin ki, internet saytımdan əldə edərək zəng vurur, öz minnətdarlığını və həmrəyliyini bildirirdi. Böyük əksəriyyəti, nə qədər qəribə olsa da, heç də şiyəliyin daha güclü olduğu ölkənin Cənub bölgəsindən və ya Naxçıvandan deyil, Şirvan mahalına daxil olan ətraf rayonlardan və Bakıdan idi. Professorun icad etdiyi “fars məzhəbi” anlayışının təbliği isə çox yəqin ki, vəhabilərə və nurçulara sərf edir. Amma mən onu nə vəhabi, nə də nurçu hesab etmirəm. Çünki vəhabi və ya nurçu olmaq üçün də dindar olmaq lazımdır. Bu inancların küfrə istinad etməsi sonrakı söhbətdir. Professor özünü dindar hesab edirmi? 73 yaşlı kişi heç ömründə namaz qılıbmı? Mövlanə Məhəmməd Füzuli İmam Hüseyn(ə) aşiqi olaraq imamın Kərbala şəhərindəki məsçidində adi xüddamlığı özünə şərəf bilir və özünün şah əsərlərindən biri olan “Həqiqətüs-süəda” əsərini yazır. Şiyə məzhəbinə rəğbəti hiss olunmayan professor isə bu əsərin tədqiqi ilə məşğul olur. Şiyəlik fəlsəfəsini öz içindən keçirtməyən, onu yaşamayan şəxs Fizulinin bu əsərini tam incəlikləri ilə dərk edə bilərmi? Elə bu cür alimlərin apardığı yarıtmaz “tədqiqatların” nəticəsi idi ki, Sovet dövründə Füzulinin həmin əsərini bizdən gizlədir və az qala şairi bizə ateist kimi sırıyırdılar. Sırımaq sahəsində peşəkar olmasını bir qədər sonra onun öz ifadəsi ilə təqdim edəcəyəm. Onların ucbatından “Leyli və Məcnun” da bizə adi məhəbbət poeması kimi təbliğ olunmuşdu. Amma bu ürfani əsər insanın məhz Allaha olan məhəbbətinin ən böyük poetik abidəsi idi. Görəsən Şeyx Nizami, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlərimiz nə üçün şiyəliyi “fars məzhəbi” hesab etmirdi? Savadları çatmırdımı? Məni ona cavab verdiyim üçün İran prezidentinin sözçüsü zənn edən professor, Allah səni güldürsün! Mənə “hacı ağa” deyə müraciət edən 73 yaşlı bu qoca kişi təkcə bu ifadədə heç bir səhvə yol verməmiş sayıla bilərdi. Çünki mən həqiqətən də hacıyam və Allahın bu müqəddəs ziyarəti mənə qismət etməsini öz həyatımın ən qürurverici uğuru hesab edirəm. “Ağa” ifadəsində də həqarət çaları ola bilməz. Ana tərəfdən əslimiz Ərdəbil şahlarının (Böyük Səfəvilərin) nəslinə gedib çıxır deyə, özümü həm də buna görə rəiyyət hesab etməyə bilərəm. Rəiyyətin ağaya ağa deməsində nə qəbahət var ki? Amma onun bu cür müraciəti məhz həqarət və istehza mənasında işlətməsinin fərqindəyəm. Bununla məni guya ki iranpərəst və İranın adamı kimi göstərməyə çalışır, amma özünü gülünc yerdə qoyur. Mənim əleyhimə yazı yazan profesor ən azı məni internet vasitəsilə öyrənməli idi. Necə ki mən onun barəsində internetdən kifayət qədər bilgi almışam. Onda bu adam görərdi ki, 1993-cü ildə Azərbaycan dövlətçiliyi İran və Rusiyanın qızışdırdığı separatizm qarşısında ölüm-dirim mübarizəsi aparakən mən Lənkəranda Ələkrəm Hümbətov qaraguruhunun yaratmaq istədiyi qondarma “TMR” qarşı siyasi mübarizənin önündə gedənlərdən, silahlı separatçıları şturmla, əliyalın halda devirən xan lənkəranlılardan biri və qələbə mitinqini təkbaşına 23 saat aparan şəxsəm. Bunu təsdliq edən kitablar, məqalələr, xronika və nə desəniz var. Özümün dilə gətirməyim qeyri-təvazökarlıq olsa da, bu mənim həyatımın qürurverici məqamlarından daha biridir. Bəs siz o vaxt harada idiniz, cənab professor? Deyim: Siz o vaxt BDU-da Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının müdiri kimi isti bir vəzifə daşıyırdınız. Məqalənizdə mənə xitabən yazırsınız ki, “Fars məzhəbi”ni sizə sırımaq çox çətindir”. Hım! Xoruzun quyruğunu göstərdiniz! Deməli, siz etiraf edirsiniz ki, adını “fars məzhəbi” qoyduğunuz cəfəngiyyat ona-buna sırımaq üçündür. Həqiqəti heç vaxt sırımırlar. İranın hakim rejiminin siyasi mahiyyətini anlamayan bir səfir təbii ki, orada çox işləyə bilməzdi. Mən onun yazılarında farsların idbar siyasəti ilə bağlı fikirləri ilə həmrəy olduğum və razılaşdığım üçün onları xırdalamıram. Amma alnı möhürə dəyən hər bir kəs onun şiyəliyi “fars məzhəbi” adlandırmasına etiraz edə bilər və mən də edirəm, edəcəyəm də. Sözə baxın: “ Peygəmbər və mollalar dövründə isə Güney Azərbaycanın kənd və şəhərlərində quruculuq və abadlıq işləri aparılmamış, ayrı-seçkiliklər salmış,...” Deməli, 73 yaşlı bu insan peyğəmbər dövrünə də həqarətlə etiraz edir. Bunun başqa cür şirin yozumu varmı? Mənə “İran ilə Ermənistanın tərəfdaşlığından bir kəlmə danışmırsan.” deməklə o deyəsən məni Ermənistana da bağlamaq istəyir. Belə adama “qatıqlayır” da demək olar, amma mən demirəm. Buyursun, girsin saytıma və oradakı Publisistika səhifəsinin “Siyasət”, “Tarix-etnoqrafiya”,”Din” və “Milli məsələ” bölmələrindəki məqalələri oxusun. Mən Qarabağ haqda çox yazmışam, yenə də yazmaqdayam. Dini mövzulu cəmi 20 məqaləm var ki, bu da 300-ə yaxın yazının çox kiçik bir hissəsi sayıla bilər. Onları da son 2 ildə küfr fikirlərə qarşı cavab olaraq yazmışam.Şiəliyi təbliğ və müdafiə etmiş din xadimlərini “İran agenti” damğası ilə çəkindirməyə nail olmuş nurçu və vəhabi yazarların mənimlə bağlı arzuları ürəklərində qalacaq! Bu incə mətləbin fərqində olmayan professora yazdığım məqalədə “ Azərbaycançılığın canı və ruhu isə şiə-cəfərilikdədir. Əks halda türkçülük də, Azərbaycançılıq da yalnız populizm və quru şüarçılıqdan başqa bir şey olmayacaq” fikrimi mənə yazdığı cavabında bütöv deyil, heç utanmadan təhrif edərək, kontekstdən çıxardaraq ayrıca götürür və “Türkçülük də, Azərbaycançılıq da yalnız populizm və quru şüarçılıqdan başqa bir şey olmayacaq” kimi ifadə edir və oxucuları qəsdən çaşdırmağa, əleyhimə kökləməyə çalışır. Ayıb deyilmi? Amma mən yenə də onu bağışlayıram: professor bəlkə də latın qrafikasını səlis oxuya bilmədiyi üçün fikri düzgün başa düşməyib – olan şeydir. Həqiqət qarşısında yalançının çaşması da təbiidir. Bu da bir həqiqətdir ki, İrandakı hakim rejimin mahiyyətində qismən fars millətçiliyi olsa da, əslində bu hakimiyyətdə farslar qədər də Azərbaycan türkləri iştirak edir. Elə mənim çoxdan baxmadığım, anti-Azərbaycan mövqeli “Səhər” televiziyasının “Kompas” verlişində çalışanlar da türklərdir. Deməli, onun “fars məzhəbi” anlayışı boş ifadədir. Orada hakimiyyət eşqi daha yüksəkdir və buna görə nə milli, nə də etnik mənsubiyyət vecə alınmır. Hakim rejimə qarşı müxalif olan eks-prezidentlər Rəfsəncani, M.Xatəmi ki farsdır. Axı İranın Ali Dini rəhbəri Seyidəli Xamneyi də əslən azərbaycanlıdır! Bu günlərdə mənim elektron poçtuma nurçu və vəhabi olduqlarını aşkar hiss etdiyim şəxslərdən məktublar, müxtəlif ismarıclar gəlməyə başlayıb. Professorun mənə onlarla eyni vaxtda cavab verməsini vahid bir mərkəzlə əlaqələndirmirəm. Amma üstündən ay yarım ötəndən sonra mənə cavab yazması o deməkdir ki, kimsə onun hissləri ilə oynayıb. Bunu onun mənə qarşı yaşına yaraşmayan hikkəli fikirlərindən də aşkar duymaq olur. Qərbpərəst, müasir, türkçü və barışmaz mübariz kimi görünmək istəyən bəzi yaşlı “alimlərin” bu kimi şit, cılız və bolşevik siyasəti İranı bizə qarşı açıq düşmənə, Ermənistana qarşı isə açıq dosta çevirmişdir. Bu bizə sərfəli deyil! Siyasətlə məşğul oluruqsa, bir az da helmimizin olması lazımdır. Kimin necə köpəyoğlu olmasını dildə deməkdənsə əməldə ifadə etmək daha yaxşı olardı. Babbalaca İsrail helmlə bütün dünya ağalığına nail olub. Biz isə “loba-lob” siyasətin nəticəsi olaraq Vətən torpaqlarını itirə-itirə gedirik. Yenə də deyirəm, aranı qarışdırmasınlar, buraxsınlar Dövlətimiz əvvəlcə Qarabağ məsələsini uğurla həll etsin, digər məsələlərə sonra baxarıq. Birinə gücümüz çatmadığı halda iki problemi birdən həll edəcəyimiz ağlasığmazdır axı! Beş addımlıqdakı Xankəndinə, İrəvana gedə bilməyən dar düşüncəli insanlar ifrat millətçiliyə yuvarlanaraq bayrağımızı aparıb Çində sancacaqlarını bəyan edirlər. Bizim əlavə düşmən qazanan vaxtımız deyil axı. Əgər qəlbimizdə, şüurumuzda Bütöv Azərbaycan sevdası varsa, Cənubdakı soydaşlarımızla aramızı istiləşdirən, bizi yaxınlaşdıran məqamları tapmalı, qabartmalı, şişirtməliyik. Məncə şiə-cəfərilik də bu sıradadır. Düşməni aşkar duyuq salmaq və hürkütmək olmaz-e! Çəkilin yoldan, imkan verin Cənubla bağlı yeni strategiyanı yeni nəsil qursun. Köhnələrin köhnə fikirləri daha yaramır, əksinə, farsların əlinə dəstəvuz verir. Lap göyə daş atıb altında qalan uşaqları xatırladır.
Ramiz Rövşən necə də gözəl yazıb: “Durub göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz, atam balası!”




Комментариев нет:

Отправка комментария