суббота, 27 февраля 2010 г.

Xeyir ishe Allah-Teala zamindir











Hafiz Mirzə
http://www.hafizmirza.com/
XEYİR İŞƏ ALLAH-TƏALA DA ZAMİNDİR
( Övladına toy eləməkdən ötrü heç bir valideyn çəkinməsin, amma həm də tələsməsin!)
II Söhbət
Gəlin seçməyin çətinliyi gözəlliyindən artıqdır
Yeni ailə qurulmasına təşəbbüs bütün millətlərdə oğlan tərəfdən olur. Hansısa çoxbilmiş qız atasının öz qızına münasib kürəkən müəyyənləşdirdiyi müstəsna hallar da var. Lakin bu o qədər az olan bir haldır ki, bu barədə danışmağa dəyməz və həm də belə şeylər bizim xalq tərəfindən heç də təqdir olunmur. Belə hallar qeyrət və kişilik parametrlərinə uyğun gəlmir. Qondarma vasitələrlə kürəkən seçilmiş oğlanı evlənmiş və qız almış kimi yox, gəlin getmiş– ərə getmiş kimi qəbul edirlər. İlk seçim gənc oğlana məxsus olsa da onun səhv etmə ehtimalı da az olmur. Adət-ənənənin toyla bağlı bütün mərasimlərində həlledici rol oynadığı və bütün problemləri həll etməli olduğuna görə növbəti mərhələnin qərarını oğlanın anası və atası verir. Onların isə öz ölçüləri, seçim meyarları var. Oğlundan gözaltı xəbərini eşidən ana bu məsələdən çox mütəəsir olunur, sevinc göz yaşları axıdır. O qızı görmək və tanımaq istəyir. Qərblilərdən fərqli olaraq bizdə qız özünə gözaltı tapdığını bəyan edə bilməz. Buna çox pis baxılması bir yana, həm də evdə olan kişi tayfası üçün böyük həqarət hesab olunar. Böyük qardaşlar hökmən həmin gözaltı oğlanı şillə-təpikdən keçirdərlər. Əsas olan oğulun kimisə gözaltı etməsi, yəni evlənmək üçün seçməsidir. Yalnız ananın “müsabiqəsindən” keçdikdən sonra məsələ evin kişisi – oğul atası ilə müzakirə edilir. Atanın əsas meyarı birinci növbədə qızın nəslinin ləyaqəti ilə bağlıdır. Qızın nəinki ata-anası, hətta xalası da tədqiq olunur. “Xanım qız xalasına oxşayar” deyirlər. Əgər qızın xalası gəzəyən və yüngülağıl olursa, bu çox ciddi maneə hesab edilir. Qız anası barədə deyilən hədyan fikirlər isə etiraz hökmünə birbaşa təsir edir. “Anası çıxan ağacın balası budaqlarında gəzər” məsəli nahaqdan yaranmayıb. Bunu hər hansı başqa dilə tərcümə edərsənsə mənası anlaşılmayacaq. Çünki bu bizim düşüncə tərzinə müvafiq məsəldir. Qız atasının vaxtı ilə kiminləsə roman yaşaması və digər mənfi cəhətləri çox da ciddi arqument sayılmır və dilə gətirilmir. Halbuki oğul atasının gəzəyənliyinə və digər ciddi qüsurlarına ciddi də etiraz göstərilir. Çünki “Ot kökü üstündə bitər”, yəni kürəkən də öz atasına oxşayar. Hərçənd ki, çox araşdıran, hər incəliyə fikir verən və hər deyilən pis fikrə ciddi istinad edən oğul anasının evi gəlin üzünə həsrət qalar. Evində həmyaşıd subay, ələləxüsus da bir qədər vaxtı keçmiş qızı qalan nadan qadınlar adətən başqasının qızı barədə çox da yüksək fikir söyləmirlər; qısqanclıq, paxıllıq səbəbindən. Deyilən mənfi fikirlər açıq xarakter daşımasa da ürək bulandırmağa yetir. Buna el arasında “pəl vurmaq” da deyilir. Həyatda cəmi 14 məsum olmuşsa və 15-ci olmayacaqsa, bunu gəlinin, onun valideynlərinin və qohumlarının şəxsində axtarmaq heç ağıllı hərəkət olmazdı. Gərək bu zaman hər deyilən mənfi fikrə deyil, daxili hissiyata əsaslanaraq qərar verəsən. Başı elm, təhsil və digər problemlərə, ciddi məsələlərə qarışaraq öz məhəbbət şansını nəzərdən qaçırmış oğlan üçün evlənmək vacibatının icrasını gerçəkləşdirmək üçün münasib qızı onun bacısı və anası axtarmalı olur. Bacının seçimi heç də bütün hallarda uğurlu alınmır. Məsələn, bacı özündən daha gözəl olan qıza seçim etməkdə xəsislik göstərər. Ananın seçimi isə ailəsi münasibdirsə əsasən qızın evdarlığına, iş-güclü, istiqanlı olmasına əsaslanar. Valideynlərinin vasitəsilə nişanlı tapan oğlanın ailəsi məhəbbət üzərində qurulmadığı üçün mənəvi tələblərə az cavab verər. Valideynlərin əksəriyyəti öz qızını imkanlı yerə ərə verməyə çalışır. Çox təsadüfi halda kimsə imkanlı yerlə müqayisədə imanlı yerə üstünlük verir. Xoşbəxt ailə qurulması üçün maddi təminat tam əsas olmasa da çox mühüm rol oynayır. Ən böyük məhəbbət də kasıbçılıq ucbatından səngiyir, tədricən sıradan çıxır. O da təəssüf doğurmalı haldır ki, bizdə vəzifəli və çox imkanlı şəxsin qızına elçi düşmək üçün heç də böyük tədqiqat aparılmır, bu zaman hətta qızın eybləri də gözə görülmür, nəzərə alınmır. Amma bunların səsi sonradan çıxa bilər. Münasib qız tapmaq üçün müxtəlif ölçülər olsa da, oğlanın münasib hesab edilməsindən ötrü “evi, işi, maşını, qazancı var” anlayışları kifayət edir. Ağıllı valideynlər üçün indi bu sıraya oğlanın haradasa arvadının olub-olmaması və narkomanlığı ilə bağlı narahatçılıq da əlavə edilir. Təbii ki, qızın fikri nəzərə alındıqda oğlanın uca böylu, enlikürək, xoş simalı olması arzulanar. Çox ağıllı və ailəcanlı qızlar heç də yaraşıqlı və gözəl oğlana üstünlük vermirlər. Çünki yaraşıqlı kişini yoldan çıxaran amillər daha çox və daha aktiv olur. Kişinin qadını yoldan çıxartması ilə müqayisədə qadının kişini yoldan çıxartması daha asand və tez baş verir. Oğlan üçün qızın yaraşıqlı və ya gözəl olması çox mühüm amil sayılır. Təəssüf ki, indi qızın və ya oğlanın çox ağıllı, təmiz, savadlı olması əsas meyar hesab olunmur və tərəflər özünün zahiri və maddi ölçülərinə müvafiq gələn şəxsi yox, özündən üstün olanı axtarır və eləsini seçirlər. Kişilərin yaraşığa və gözəlliyə üstünlük verməsi heç də bütün hallarda uğurlu olmur. Gözəl arvadın da qısqanclıq ucbatından günü qara olur. Eləsinin haradasa işləməsi onun özü üçün də problemlər yaradır. Gözəl qadına yalmanan kişilər çox olur çünki. Amma qızın savadsızlığına, avam və dünyagörüşünün geridə qalmasına görə də bir sıra fəsadlar baş verir. Ona görə də zahiri gözəlliyə və maddi zənginliyə istinad edilməsi ailə qurulmasında heç də müstəsna parametr hesab edilə bilməz. Hər kəsə gözəl taleyi və bol ruzunu verən Allahdır. Bir insanın hansı dərəcədə ağıllı olması özünü fərdin məhz uğurlu seçim etməsi ilə müəyyənləşir. Qadının yaşam və həyat tərzi onun seçimdə səhv etməsinə müəyyən əsas verirsə də, oğlanın səhvi onun axmaqlığının ən bariz ifadəsi hesab edilə bilər. Seçimin doğruluğunu sığortalamaq üçün qızın və oğlanın ulduzlarının müvafiq gəlməsinə də istinad etmək vacibdir. Bir sıra ölkələrdə ailə qurulması kimi çox ciddi addım atarkən seçimin dəqiqləşməsi üçün astroloqa, həkim müayinəsinə və psixoloq testlərinə də etimad göstərilir. Bizdə isə hələlik din xadiminə istixarə açması üçün müraciət edilir.
Hər valideynin ən böyük arzusu və ən böyük vəzifəsi
Valideynə ən xoş arzu olaraq həmişə övladı ilə bağlı diləklər söylənilir. Məsələn: “Allah balalarını saxlasın!”,“Belə toydan oğlun-qızın üçün olsun!”,“Allah balalarını xoşbəxt eləsin!”, “Balalarının toyunda iştirak edək!”, “Oğul-qız toyu görəsəniz!” və sair. Göründüyü kimi, övlada yönəli arzuların əksəriyyəti onun toyu ilə əlaqələnir. Və deyim ki, belə arzular bizə övladımız üçün kiminsə ali təhsil alması, uğurlu mütəxəssis və ya ləyaqətli vətəndaş olması arzularından daha şirin təəssürat bağışlayır. Bunun düşüncədən kənar sirləri var. Belə ki, övladın toyu ilə bağlı arzuların arxasında nəvə sahibi olmaq istəkləri durur. Bu əslində insan üçün özündən sonra da həyatın davamı anlamını verir. Valideynlərin yaşam və qazanc düşüncələrinin fövqündə daha çox övladın gələcək toyu ilə bağlı yığımlar mühüm yer tutmağa başlayır. Xüsusən qız anasının işi daha çətindir. Hətta “Qızın oldu qırmızı donunu əynindən çıxart” deyimi də var. Yəni qız anası övladın hələ körpə çağından cehiz yığımına başlamalıdır. Çünki qızın böyəlməsi və bir gün ərə verilməsi sanki qısa vaxt keçərək baş verir. Laqeyid valideyn bir də onda ayılır ki, qapısında elçilər durub. Eyni fikirlər həm də oğlan valideynlərinə aiddir. Fərq təkcə ondadır ki, oğula nə verilirsə öz evinə qayıdır, qıza verilən cer-sehiz isə başqa evə gedir. Qıza verilən cehizin yüksək dəyəri, keyfiyyət və cazibədarlığı həm də bir nüfuz xarakteri daşıyır. Özünə hətta həkimə getməyi, dərman almağı da qısırqayan, xəsislik edən valideyn öz qızı və ya oğlu üçün cehizlik və ya xonçalıq mala yüksək məbləği həvəslə xərcləyə bilir və bundan həzz alır. Övlad toyu görmək, elin qabağına çıxmaq, qol götürüb oynamaq böyük səadət sayılır. Mən atalar tanıyıram ki, dəvət edildiyi hər toyda sərbəst çıxış edər, alovlu nitq söyləyər, dil-boğaza qoymazdı. Amma öz övladının toyunda ona ön söz verilərkən 3-5 kəlmədən sonra qəhərləndi, səsi titrədi və boğazı qurudu. Bəy və gəlin məclisə daxil olarkən valideynin üzünə tamaşa edin. Bu zaman ananın, daha çox da atanın üzündəki xoşbəxt ifadəni dünyanın ən mahir yazıçıları və ya ən ustad rəssamları da yığışıb gəlsə tam dolğun ifadə edə bilməz. İnsan öz toyunun məsuliyyətini, çətinliyini və şərəf dərəcəsini duya bilmir, çox şeyi görmür, hiss etmir. Ancaq övlad toyunu o həm də əslində öz toyu olaraq duyur, hər bir incəliyi görür, hər şey ona təsir edir. Kimsənin nəyəsə mız qoyması, onun dəvətini saymaması, məclisdə adamın azlığı və ya gurluğu mühüm təsiredici amildir. Təbii ki, bu zaman yaxşı təəssüratlar daha bol olur. Toy yeganə yerdir ki, orada yalnız xoş söz danışılmalı, təriflər deyilməli, insana ləzzət verən çox atributlar ( zəngin süfrə, dadlı yemək, gözəl musiqi, yaraşıqlı geyim və sair) bir araya gətirilməli, hər şey qonaqların rifahına köklənməlidir. Əlbəttə, bütün bu sözlər daha çox bizim xalqa aiddir. Bizim xalq evində çox şeyi – bəzəkli otağı, dadlı yeməyi, ən xoş münasibəti qonağa ünvanlayır. Hətta “Qonaq Allah qonağıdır” deyimi də var. Toyda isə bu ailə mərasiminə 1-2 deyil, eyni zamanda yüzlərlə qonaq gəlir. Bunu evdə və ya mağarda daha rahat yerləşdirmək mümkün deyil. Bu zaman valideyni ən gözəl Şadlıq sarayı, ən mahir aşbaz, ən populyar musiqi qrupu, ən yaxşı süfrə düşündürür. Toy yalnız başlayana kimi müəyyən narahatlıq, əzab-əziyyət, çətinlik doğurur. Elə ki, başladı, hətta az və ya çox qonağın gəlməsi də əhəmiyyət daşımır, hər şey necə lazımdırsa, o cür də gedir. Ümumiyyətlə, toy Allahın izni, peyğəmbərin fərmayişi ilə olan ən xeyirxah bir mərasim olduğu üçün, onun bütün problemlərinə cənab Allahın özü zamindir. Hətta kasıb da öz övladına toy edə bilir və bu zaman əslində xalqımızın nə qədər firavan, sülhpərvər və vəhdət içərisində yaşadığının şahidi olursan. Əlbəttə, müəyyən israfçılıqlara, ifrat məddahlığa və qeyri-milli nüanslara yer verdikdə bu heç də xoşa gəlmir. Elə cəhətləri biz də az tənqid etməmişik. Bizim toyla bağlı adət və ənənələrimiz o qədər zəngindir ki, möhtəşəmliyini əcnəbiyə heç cür qandıra bilməzsən. Amma nədənsə onlar bizdən deyil, bizimkilər onlardan nələrsə götürür, toy ssenarmizin primitivləşməsinə, xarakterinin dəyişməsinə səbəb olurlar. Getdikcə bizim toylar öz milliliyini itirir. Bizdə bir ailə izdivacı üçün iki toy olardı: qız və oğlan toyu. Qız toyu iki dəfə baş verirdi: paltarkəsdi və xınayaxdı. 1-ci toy böyük ziyafət şəklində olur, 2-ci toy gəlinin ərə getməsinə bir neçə gün qalmış baş verərdi. Hər iki toyun iştirakçıları qadınlar olar, oğlan evi bu toyların təşkilati xərclərinə yardım göstərərdi. Oğlan toyu isə kişilərə məxsus idi. İndi isə bu üç toyun əvəzinə birləşmiş bir toy keçirilir və kişilərin, qadınların birgə iştirakı ilə baş tutur. Bunun maliyə faydası varsa da, milli dəyər xarakteri yoxdur. Təkcə süd pulu adlanan başlığın ləğv olunması müsbət yenilik sayıla bilər. Heç bir millətin toyunda hətta bizim kasıbın mərasimində olduğu qədər – yüzlərlə qonaq olmaz. Əvvəllər payız fəsli daha münasib hesab edilsə də, indi yay aylarında həyatımızın əsas mənası toylarda iştirak etməklə bağlı olur. Bizim guya birləşə bilmədiyimizi iddia edənlər əslində belə olmadığına toy məclislərimizə baxaraq əmin ola bilər. Toyun sonluğu da iki xarakterlidir: bir tərəf övladını ailəsindən çıxardır, yola salır, digər tərəf isə yeni övlad – gəlin qazanır. Ona görə də oğlan valideynləri sevinir, qız valideynləri isə sonda ağlayır, kədərlənir, üzülür. Hərçənd ki, bunun özü də xoş duyğulardır. Qız valideynlərinin bir arzusu da bu deyilmi? Heç təsadüfi deyil ki, üç qız böyəldib ərsəyə çatdıran və uğurla ərə verən atanın yeri cənnətlik sayılır. Allah bütün ataları övlad yanında üzüağ eləsin! Amin




Комментариев нет:

Отправить комментарий