суббота, 27 февраля 2010 г.

Qar yaqdi lopar-lopar







Hafiz Mirzə
http://www.hafizmirza.com/
“QAR YAĞDI LOPAR-LOPAR,..”
( Fevral ayı yağan qar və sönən işıqlar ilə əlamətdar oldu)

* Fevral ayının 05-də Bakıya və ölkənin bir sıra bölgələrinə əməllicə qar yağdı. Rayonların əksəriyyəti vəziyyətdən yaxşı çıxdı. Amma Bakı əməlli-başlı iflic vəziyyətinə düşmüşdü. Avtobusların sayı azalmış, “Qazel”lərin çoxu yoxa çıxmışdı. Güc düşmüşdü yerin altına – metroya. Metroda sərnişin çoxluğundan tərpənmək olmurdu. Nədənsə bir sıra stansiyalarda tabloda qatarların gediş istiqaməti yazılmır, son anda bunu nəzarətçilər elan edirdilər. Yerin üstündə isə qar-çovqun hərəkəti sıradan çıxartmışdı. Adamın Bakıya yazığı gəlirdi. 5-10 sm qara dözə bilməyən paytaxt şəhərimiz ilin 7-8 ayı qar-şaxta altında qalan Rusiya şəhərləri ilə müqayisədə çox gülünc görünürdü. Ofis qarşısında səkiyə parlaq, iri kafel-metlax pilitələr düzdürmüş şənbaz şirkət sahiblərinin qapı ağzında ayaqları qalxır və guruppultu ilə yerə çırpılırdılar. Bakıdan bölgələrə uzanan magistral yollarda isə maşınlar yoldan çıxır, sürüşüb bir-birini əzir, yolları bağlayır, keçilməz tıxac yaradırdılar. Lökbatan yolunda vəziyyət tamam “rusca” idi. Hər tinbaşı qəflətən peyda olmaq, ağlagəlməyən yerlərdə radar qurmaq və sürücülərdən könül xoşluğu ilə pul qopartmaq üzrə Gennesin rekordlar kitabına imza ata bilən şanlı yol polislərimizdən bircəsi də görünmürdü ki, ortaya qoyub başına and içək. Saatlarla davam edən tıxaca görə ayrı-ayrı fərdlər düşüb hərəkəti bərpa etməyə çalışır, avtobus sərnişinləri düşüb yoldan çıxmış maşınları dartırdılar. Çox təsirli mənzərə idi. Bu vəziyyətin günahı isə yalnız yağan qarda idi; gedib ərəb ölkələrinə yağmır, gəlib bizim təpəmizə tökülürdü. Uşaq vaxtı sözə baxmayan, özünü pis aparan uşaqlara tənə olaraq “Qar yağar lopar-lopar, flankəsi it qapar!” deyə oxuyardıq. İndi fevral qarının yaratdıgı gülünc vəziyyətə görə bu nəğməni kimə həsr edib oxuyaq? Hə-ə?!
– Sakit yoldaşlar, sakit! Söz verilir Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala müəllim Abutalıbov yoldaşa. Buyurun, Hacıbala müəllim.
* Azərbaycan ordusunda daha bir biabırçılıq baş verdi. Daşkəsəndəki hərbi hissədə haqsızlıqlardan cana doymuş əskərlər öz komandirlərini güllələdilər. Atışma zamanı onları da öldürdülər. Bizim cəbhə xəttimiz Milli Ordu hərbi hissələrinin içərisindən keçirmiş. Yazıq valideyn: övlad böyəlt, hərbi məktəbdə oxutdur, Vətənin müdafiəsinə göndər, sonra da övladını taxta qutuda üstünə qaytarsınlar.
* İran İslam Respublikası birtərəfli qaydada viza rejimini aradan qaldırıldı. Qaldı bircə sağlamlıq haqqında qan arayışı. Heç olar ki, bizimkilər bir barmaqbasdı saxlamasınlar? Amma çoxları bu “viza ləğv etmə” siyasətinin arxasında nələr gizləndiyinə əhəmiyyət vermir. Bizimkilər hələ duza gedir, duzdan qayıdandan sonra bu hənanın necə çox su aparacağının şahidi olacaqlar. İlk əlamət özünü çox gözlətmədi. Fevralın 13-də Həzrət Muhəmməd peyğəmbər salavatullahın vəfatı münasibətilə bir qrup dindar məsçiddən çıxıb “Şəhidlər xiyabanı”na doğru yürüş ediblər. Mən internetdə bu yürüşə tamaşa elədim. Dindarlar əllərində ədəli-dədəli qırmızı güllü əklil tutmuşdular. mən başa düşmədim, onlar rus qəbristanlığına gedirdilər, yoxsa... Həm də ki, peyğəmbərin vəfatı günü “Şəhidlər xiyabanı”na nə üçün gedilməlidir axı? Yenə Məhərrəmliyin Aşura günü getsəydilər, adam düşünərdi ki, Kərbəla şəhidləri Vətən şəhidlərinin məzarı üstündə anılacaq və paralellər aparılacıq. Amma... Amma mən düşündüm ki, burada İranın viza rejimini götürməsi ilə birbaşa bağlı olan nəsə var. Və deyəsən bu yürüş “razminka” xarakteri daşıyıb. Polis öz sayıqlığını əldən vermədi və “razminka” pozuldu.
* “Milli Kitab Mükafatı” özünün böyük və kiçik siyahılarını təqdim etdi. Əslində bu siyahıları kimlər müəyyənləşdirdi, özləri bilir. Bizim bildiyimiz və bir daha əmin olduğumuz o oldu ki, bu müsabiqənin nəticəsi özündən əvvəlkilərdən heç nə ilə fərqlənmiəyəcək. Hansısa ekspertlər şurası heç demə münsiflər heyətindən daha səlahiyyətli imiş. Çünki o, qısa vaxt ərzində 265 əsərdən əvvəlcə 20-ni, sonra isə 10-nu seçdi. Münsiflər heyəti üçün daha nə qaldı ki? Onsuz da guya ki, anonim keçiriləcək səsvermənin nəticəsini bu müsabiqənin tam üst qatında durmuş şəxslər müəyyənləşdirəcəklər. Hələlik ekspertlər şurası moddadır. Onlar isə əsərləri deyil, müəllifləri seçir. Biz tənqid etməsəydik 2-ci mərhələdə yəqin ki, bəzi məşhurları çıxartmayacaqdılar.Onların əvəzinə 3-4 kiloqram xəcalət çəkdik.
* Son vaxtlar ölkə mətbuatında və bir sıra nurçu tele-kanallarda İslam məzhəbləri arasında təfriqə salan pozucu çıxışlar olur. Hətta ANS kimi məzhəb oreontasiyası dəqiq məlum olan və təqdir edilən bir tele-kanalda "Günəbaxan" adlı şounun aparıcısı heç utanıb-qızarmadan "Allah, Məhəmməd, ya Əli!" deyilməsini şirk (qəbahət) hesab edir. Amma Azərbaycanın Budapeştdə futzal üzrə Avropa çempionatının 4/ 1 final oynuna çıxan yığma komandası hamılıqla "Allah, Məhəmməd, ya Əli!" hayqıraraq oyuna atılır və təbii ki, qələbə qazanır. Yığmanın oyunçularının çoxu heç azərbaycanlı və müsəlman deyil. Onlar azərbaycanlılara doğma və əziz olan bu dini duadan istifadə edir və qələbə qazanır, özümüzünkülər isə… Heç "vid-fasonlarından" saqqal-bığlarından da utanmırlar-e!
* Bakı metropolitenində işıqlar söndü. Yaxşı ki, hamısında sönmədi. Yer altında dəhşətli anlar yaşandı. Qoca var, qadın var, uşaq var,.. Nəfəs almağa isə hava yoxdur. Metro kimi mühüm strateji obyektin ehtiyat enerji mənbələri yoxdursa, hərbi -strateji obyektlərin vəziyyəti necədir? Elektrik stansiyalarının tikintisi ölkədə Şadlıq Saraylarından və yaşayış binalarından sonra 3-cü yerdə gedir. Şükür ki, belədir. Belə olmasaydı necə olardı?
*Gürcüstanda avtomobil biznesi ilə məşğul olan bir şirkət, Misirdə isə ərəb dünyasının ən öndə gedən bir internet saytı Qarabağı Ermənistan ərazisi kimi göstərir, Almaniyada dərs vəsaiti kimi buraxılan kitabda eyni qələt gerçəkləşdirilir, Cexiyanın rəsmi tele-kanalı ərazilərimizi Ermənistanın ərazisi kimi göstərir, eşşək boyda ABŞ separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon dollar yardım göstərir,.. Həmin şirkətlər guya ki, texniki səhv olub, nə bilim boş şeydir, əhəmiyyət verməyək, günahkarlar cəzalanacaq və sair sözlərlə bu qələtlərin altından sivişib çıxa bilirlər. Bəs bizim xarici ölkələrdə, məsələn, lap qardaş sayılan Türkiyədə, Rusiyada fəaliyyət göstərən şirkətlərimiz nə üçün belə "səhvlər" edib tamam Ermənistanı və ya indi onun əsarətində olan qədim Azərbaycan torpaqlarını (Zəngəzuru,Göycəni, Dərələyəzi) nə üçün Bütöv Azərbaycanın ərazisi kimi göstərən xəritə və ya o yerlərin adı ilə mal-məhsul buraxmırlar? Onların qeyrətində qatıq çalınıb?! Hə-ə, çünki Ermənistanın nəinki biznesmeni, hətta azərbaycanlı Qarabala ilə Ursiyətdə bir yastığa ağırlıq təzyiqi salan Haykanuşu da milli məsələdə öz simasını itirmir. Bizimkilər isə yalnız Vətən barədə gözəl şeirlər əzbərləməyi bacarırlar. O gün bir yerdə oxuyuram ki, eks-prezident A.Mütəllibov da Moskvada ermənilərlə biznes ortağı imiş! Bu yerdə rəhmətlik Şirin Zərdablı oxuyardı: "Dünya niyə dağılmırsan... dünya niyə dağılmırsan?"
* Hörmətli Cəmil Həsənli deyir ki, "Bizdə elmi işlərin səviyyəsi aşğı düşüb". Guya ki nə vaxtsa yüksək olmuşdu! Alimin aldığı məvacib tində tum satan Məsmə xalanın aylıq qazancından az olduqda onun elmi töhvəsi sərhədləri aşıb dünya səviyyəsinə qalxmayacaq, sadəcə, tabaqdakı quru çörəklə ekvivalentlik təşkil edəcək, vəssəlam.
*Gözlərimiz aydın olsun, nəhayət ki, Türkiyədə AKP iqtidarına mənsub deputatlar baş nazir Rəsəb Tayip Ərdoğanı peyğəmbər adlandırıdlar. Yəqin ona görə ki, bu ölkəni mövcud gülünc və bivec duruma yalnız peyğəmbər gücündə olan insan sala bilərdi. Amma onlar unudublar ki, heç bir peygəmbər dağıdıcı xassəyə malik olmayıb.Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkilləri buna qarşı ayağa qalxıblar. Üstəlik baş nazir həyat yoldaşını başıbağlı geyimlə tez-tez ekranlara çıxartdığı və bununla müsəlman əhalidə rəğbət qazanmağa çalışdığı üçün də, yəni ucuz şoumenliyə görə də kəskin tənqid olunub. Özünü mahir siyasətçi hesab edən Ərdoğan isə tamam özündən çıxıb. Özündən çıxıb kimə daxil olduğunu dəqiq bilmirəm, amma efirdə gördüyüm qədər iki partiya arasında əlbəyaxa vur-çatlasın zamanı hamı bir-birinə keçmişdi. Kimin qapazı kimin başında idi bilmək olmurdu. Təəssüf edirəm ki, o qapazlardan Ərdoğana dəyəni olmadı. Əgər Türkiyədə ərlər doğanda belə bivec baş nazirlər doğursa, görəsən biveclərin doğduqları nə olar?
* Şükür ki, bizdə vəziyyət elə deyil. Bizdə bivecləri peyğəmbər adlandırmır, sadəcə, Nobel mükafatına layiq bilirlər, vəssəlam. Məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənovovun brüsselyoz xəstəliyinə qarşı icad etdiyi gülünc preparata görə onu yalnız bu mükafata layiq bilmək dərəcəsi ilə xarakterizə edib və bu yolla yaxşıca məzələnib. Deyirəm bəlkə biz də bəzi polkovniklərimizlə məzələnib onları general, generallarımızı isə marşal adlandıraq, bəlkə bununla nəyəsə nail olduq.
* Kilsədə cavanları görüşdürməkdən və onları güdməkdən həzz alan “pitaraz” Papa Valentinlə Mama Rozanın arasında nə fərq var - bilirsinizmi? Fərq təkcə ondadır ki, Valentini "Müqəddəs" adlandirib şəninə bayram düzəldir, Mama Rozaya isə hec bir təntənə aid etmirlər. Bəlkə ona görə ki, “mama rozalıq” artıq günün ən kiçik reallığı qədər adiləşib!
* Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin əsas fəaliyyəti qrant qopardıb yalnız treninq keçirtmək, qeydiyyat dəftəri və qələm paylamaq, bir də iştirakçılara günorta yeməyi verməklə səciyyələnir. Ölkədə peşəkar “qrantşiklər”lə yanaşı, həm də peşəkar treninq iştirakçıları formalaşıb. QHT sektorunda təkcə peşəkar işgörənlər formalaşmayıb.
*Bizim bir çox iş adamları var ki, onları “bizimki” hesab edəndə adamın bir azsa dili-boğazı quruyur. Çünki əməlləri bizə yaraşmır. Rza Zərrab adlı elə oğlanlardan biri də Türkiyədə yaşayır. Bu oğlan ermənilər və yəhudilər kimi öz ətrafına ağıllı-başlı insanları toplamaq əvəzinə müğənniləri toplayır, öz adı ətrafında qalmaqal yaradır və bununla şou-biznesdə populyarlaşır. Məsələn, özünü Əbru Gündeşlə Azəri qızı Günel arasında qalıbmış kimi göstərməklə maqazin xəbərlərinin qəhrəmanına çevrilmişdi.Guya ki, Əbru onu bir tərəfə dartır, Günel isə o biri tərəfə. Axırda o öz həmvətəninin, bir qız uşağının adını bədnam etdi, Əbru Gündeşin, nə bilim neçənci əri oldu. “Mərhəba”, arkadaş! O gün olsun ki, Seda Sayan, Petek Dingöz, Asena ve Nez kimi “ismetli” türk xanımlarının da eri olasan!
* Hollivud ulduzu Angelina Coli Haitidə zəlzələ nəticəsində valideynlərini itirmiş bir neçə uşağı övladlığa götürüb. Əslində Haitidə baş vermiş zəlzələnin hansı ölkənin partlatdığı taktonik bombanın nəticəsi olduğunu deyə bilmərik, amma indi dünyada heç nəyə inam qalmayıb, eləcə də Angelina Colinin bu səmimiyyətinə. Bütün dünyanın maddi və mənəvi sərvətlərini sümürən ABŞ-in bu xanımın məşhurluğundan istifadə edərək onu kullanması və şou yapması nəsə məni çox şübhələndirdi. Siz şübhələnməyin, əziz oxucular! Gül kimi ABŞ-in səmimiyyətinə şübhə edənlərin ağzı əyilər, gedər qalar qulağının dibində.
*Həmyerlimiz Mübariz Mənsimov Türkiyədə özünün “PalMedia” mərkəzinin rəy sorğusuna əsasən ilin ən yaxşı müğənnilərini müəyyənləşdirdi və türk arkadaşlarımıza bir xeyli mükafat payladı. Allah əlini daha da uzun etsin! O qədər uzun ki, gəlib Azərbaycan ədəbiyyatına və kinosuna da çatsın.

Комментариев нет:

Отправить комментарий